Yanvarın 19-da Üzeyir Hacıbəylinin Ev-Muzeyində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan “Qisasınız alındı, şəhidlər” adlı tədbir keçirildi.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirildi. 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Muzeyin Ekspozisiya və kütləvi işlər şöbəsinin müdiri Gülnarə Ələsgərova çıxış edərək bildirdi ki, 20 Yanvar Azərbaycan tarixinin qanlı, eyni zamanda şərəfli səhifəsidir: “1990-cı ilin yanvarında baş verən hadisələr nə qədər faciəli olsa da, xalqımız bu faciənin ağrı-acısı altında sınmadı. Azərbaycan xalqı azadlığı və suverenliyi uğrunda apardığı mübarizəni davam etdirdi. Bu gün 20 Yanvarı təkcə ağrı-acı ilə deyil, həm də qürur hissi ilə anırıq. İllər ötəcək, Azərbaycan onun azadlığı və bütövlüyü uğrunda şəhid olan övladlarını daim yad edəcək. Çünki ölkəmiz 20 Yanvar şəhidlərinin də arzusu olan ərazi bütövlüyünü bərpa edib. Düşmən üzərində möhtəşəm Qələbə qazanıb”.
Çıxışdan sonra Abşeron rayonu Xırdalan şəhər 4 nömrəli tam orta məktəbin şagirdləri pianoçu Aybəniz Qarayevanın müşayiəti ilə vətənpərvərlik mövzulu şeirlər söylədilər.
Tədbirdə Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyası və “Gənclərin Töhfəsi” İctimai Birliyinin üzvləri də iştirak edirdi.
Savalan Fərəcov