Yanvarın 22-dən fevralın 20-dək Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda “Azərbaycan kinosu həftələri” keçiriləcək.

XTNS-nin mətbuat xidmətindən verilən məlumata görə, pavilyonun qonaqları bir ay ərzində hər həftəsonu (şənbə-bazar günləri) Azərbaycan kinematoqrafçılarının ən yaxşı filmlərinə tamaşa edə biləcəklər. Giriş sərbəstdir.

Kino həftələri çərçivəsində Arif Babayev, Eldar Quliyev, Rasim Ocaqov, Ramiz Fətəliyev, Anar, Yuli Qusman və başqa rejissor və ssenaristlərin filmləri nümayiş etdiriləcək. Nümayiş olunacaq filmlər və seanslar barədə məlumat XTNS-nin saytında verilib.

 “Azərbaycan kinosu həftələri”nin proqramında “Gün keçdi”, “Qorxma, mən səninləyəm”, “Ad günü”, “Bir cənub şəhərində”, “İstintaq”, “Qayınana”, “Arşın mal alan”, “Şərikli çörək” və “Gecə qatarında qətl“ filmləri yer alıb. Ayrı-ayrı filmlərdə əsas rollarda Aleksandr Kalyagin, Lev Durov, Muxtarbəy Kantemirov kimi tanınmış Rusiya aktyorları da  çəkiliblər.