Çoxəsrlik keçmişə və zəngin bədii ənənələrə malik olan Azərbaycan monumental-dekorativ rəngkarlığı tarixi özündə yüksək bədii dəyərlərinə görə zamansızlığa qovuşmuş çoxsaylı sənət nümunələrini yaşatmaqdadır. Onların bilavasitə ictimai, mülki və sənaye memarlığı, eləcə də şəhər mühitinin formalaşması ilə əlaqəli olması, bütün zamanlarda insanların zövqünün formalaşması prosesində qürurverici qaynaq kimi iştirak etməsi həm də milli-mənəvi dəyərə çevrilmələrini şərtləndirmişdir.
Uzaq-yaxın keçmişdə yaradılmaqla əcdadlarımızın gözəlliyi duymaq hisslərinin bədii ifadəsi kimi qəbul olunan bu nümunələr milli təsviri sənət tariximizin qiymətli səhifələridir. Bu səhifələri vərəqləməklə vurğuladığımız zəngin bədii-estetik məziyyətlərin özünəməxsusluğuna əmin olmaq mümkündür.
Kaşılı divar pannoları
Müxtəlif tarixi mənbələrdə haqqında söz açılan, Şərq poeziyasının tanınmış nümayəndələrinin əsərlərində vəsf olunan, miniatür üslublu əsərlərdə zamanında mövcudluğu təsdiqlənən monumental-dekorativ rəngkarlıq nümunələri əcdadlarımızın bizim günlərə gəlib çatmış mənəviyyat yadigarları kimi əhəmiyyət kəsb edir.
Naxçıvandakı Möminə xatun və Yusif Küseyir oğlu, Qarabağlar türbələri, eləcə də Bərdə türbəsi, Təbrizdəki Göy məscid, Marağadakı Qırmızı günbəz türbəsi və Şirvandakı Pir Hüseyn xanəgahında kaşılı dekorativ bəzəklər, zamanında divar rəngkarlığının özünəməxsus bədii-texniki vasitələrlə ifadəsi olmaqla, yüksək estetik tutumunu bu gün də qoruyub saxlayan unikal sənət əsərləridir.
Əcəmi Naxçıvaninin sonralar sözün əsl mənasında, onun “tanınma nişanı”na çevriləcək Yusif Küseyir oğlu (1162) və Möminə xatın (1186) türbələrinin eksteryerində monumentalçı-rəssam kimi çıxış etməsi Azərbaycan memarlığında bənzərsiz səhifənin açılmasını şərtləndirmişdir. Bir anlığa hər iki tikilini onların fasadını bəzəyən və bu cansız daşları canlandıran kaşılı naxışlarsız təsəvvür etsək, memarın həmin türbələrdə sərgilədiyi sənətkarlıq nümunəsinin unikallığına əmin olmaq mümkündür. Qənaətimizcə, memarlığımıza rəng qatan Əcəminin Yusif Küseyir oğlu türbəsində sərgilənən zahiri tərtibat monoxromluğunu Möminə xatın abidəsində polixromluqla əvəzləməsi də məqsədli şəkildə, birincinin güclü (kişi), ikincinin isə zərif (qadın) cinsin təmsilçisi olması ilə əlaqədar ola bilərdi...
Əcəmi Naxçıvani yaradıcılığında təzahürünü gördüyümüz özünəməxsus bədii-dekorativ tərtibat vasitəsinin – kərpic-mozaika örtüyünün tikililərə tətbiqini sonralar elə Naxçıvandakı Qarabağlar türbəsində (XII-XIII əsrlər) və Bərdə türbəsində (XIV əsr) də müşahidə etmək mümkündür. Hər iki tikili həm də kərpic-bəzək yazılardan istifadə olunması ilə diqqət çəkir.
Orta əsrlər memarlığımızda eksteryerində və interyerində rəngli kaşılardan istifadə olunmuş digər abidələr də mövcuddur. Belə tikililərdən biri XV əsrdə Cənubi Azərbaycanda – Təbriz şəhərində inşa edilmiş Göy məsciddir.
Zamanında “İslamın firuzəsi” adlandırılan əzəmətli məscidin eksteryerindəki nəfis və ecazkar kaşı bəzəklər onun daxilindəki böyük salonda da öz davamını tapdığından tikili çox duyğulandırıcı və cazibədar görünür. Məscidin adındakı “göy” sözü də bu kaşı bəzəklərində göy rənglərin üstünlük təşkil etməsi ilə bağlı olmuşdur.
Pirsaatçay üzərində yerləşən Pir Hüseyn xanəgahı (XIII-XIV əsrlər) kaşılardan bəzək elementi kimi istifadənin zənginliyi duyulan ən yaxşı nümunələrindən sayılır. 25x25 sm ölçüyə malik olan dördkünc – üzəri naxışlı və yazılı kaşılardan yaranan frizin və interyer divarının panelini təşkil edən kiçik səkkizbucaqlı ulduzun, eləcə də xaçvarı hissələrin məcmusu olan bu bəzəklərin yaratdığı estetik aura yaddaqalandır.
Azərbaycanın digər dini abidələrində də kaşılardan istifadəyə rast gəlmək mümkündür. Əcəmi ənənələrini özündə daşıyan Göy Günbənd türbəsi (1194), eləcə də Şeyx Səfi türbəsi (XIV-XVI əsrlər), Olcaytu türbəsi (XIV əsr), Şeyx Xorasan türbəsi (XVəsr) və s. tikililər bu qəbildəndir.
Səfəvi dövrünün monumental-dekorativ rəngkarlığından danışanda ilk növbədə Şeyx Səfiəddin İshaq Ərdəbilinin kompleksinə (Ərdəbil) daxil olan tikililərin (XIV-XVII əsrlər) kaşı bəzəkləri yada düşür. Bu kompleksin hər bir tikilisinin estetik qaynaq kimi qəbulunda onların kaşılardan tərtib olunmuş panno-dekorunun xüsusi rol oynaması danılmazdır. Buradakı tikililər həm də salonlarını bəzəyən, özlüyündə dəyərli dekorativ-tətbiqi sənət əsərləri olan qızıl-gümüşdən hazırlanmış əşyaları ilə məşhurdur. Vaxtilə bu ziyarətgahın məscidini məşhur “Şeyx Səfi” xalısı (1539) bəzəyib.
Qusar rayonunun Həzrə kəndindəki Şeyx Cüneyd türbəsinin (XVI əsrdə inşa olunmuş tikilidə Şah İsmayıl Səfəvinin babası dəfn olunmuşdur) intererindəki bənövşəyi və firuzəyi kaşılardan təşkil olunmuş dekor da bədii əhəmiyyətə malik tərtibatlardandır.
Təbrizin yaxınlığındakı Sultaniyyə kəndində ucaldılan Olcaytu türbəsini (XIV əsr) zamanında kaşılı bəzəklərin tətbiq olunduğu gözəl sənətkarlıq nümunələrindən saymaq olar. Bişmiş kərpicdən tikilmiş səkkizüzlü türbənin (memar Əlişah Təbrizi) möhtəşəmliyində həm onun firuzəyi günbəzinin, həm də onun tavanını bəzəyən nikbin koloritli naxış-kaşı örtüyünün duyulası təsiri olmuşdur, desək, yanılmarıq.
İsfahandakı “Çehil-sütun” sarayında qalmaqda olan kaşılı divar pannosu Səfəvilər dövründə bu yöndə yaradılmış maraqlı nümunələrdən biridir...
Divar rəsmləri
Monumental rəngkarlığın bilavasitə boyalarla gerçəkləşən və memarlıqla əlaqəli olanlarının ilkin nümunələri zamanın sərt sınaqlarından keçib bizim dövrə gəlib çatmasa da, arxeoloji qazıntılar zamanı üzə çıxarılmış divar rəsmlərinin fraqmentləri onların Qafqaz Albaniyası incəsənətində (Mingəçevir ərazisində Sudaqılan adlı qədim şəhər yerindəki dini tikili) mövcud olduğundan xəbər verir.
Cənubi Azərbaycandakı Xərrəqan türbələrində (XI əsr) isə Orta əsrlər monumental divar rəngkarlığının yaddaqalan nümunələri qalmaqdadır. Səlcuqların ən qüdrətli dövründə tikilən bu tikililərin biri – Əbu Səid Bicar Səəd oğlunun türbəsindəki rəsmlər maraqlı estetikaya malik olması ilə seçilir...
Orta əsrlər Azərbaycan incəsənətinin çiçəklənmə dövrü kimi dəyərləndirilən Səfəvilər zamanında monumental-dekorativ divar rəngkarlığının özünəməxsus bədii-estetik məziyyətlərlə zəngiləşdiyi danılmazdır. Həmin dövrdə inşa olunan sarayların tərtibatının tərkib hissəsinə çevrilən miniatür üslublu divar rəsmlərinin məna-məzmun tutumunda məişət səhnələrinin və döyüşlərin təsvirini görmək mümkündür. Avropalı səyyahların yazılarında bu təsvirlər haqqında məlumat almaq mümkündür.
Əlavə edək ki, Avropa ilə iqtisadi-siyasi-mədəni əlaqələrin yaranması, bir çox sahələr kimi, təsviri və tətbiqi sənətə də təsir göstərmişdir. Miniatür üslubunun Qərb rəssamlığından gəlmə realist-gerçəkçi ənənələrlə qovşağından istifadə edən rəssamlar monumental divar rəssamlığı sahəsində də özünəməxsus addımlar atmağa nail oldular. Bunu daha çox divar rəngkarlığımızın çiçəklənmə dövrü kimi səciyyələndirilən XVIII–XIX əsrin məşhur saraylarında (Cənubi Azərbaycan), İrəvan, Şəki, Şuşa, Ordubad və Quba şəhərlərində inşa olunmuş müxtəlif funksiyalı tikililərində izləmək mümkündür.
Cənubi Azərbaycandakı XIX əsrə aid saray divar rəsmlərinin “Qacar üslubu”nda yaradılmasını təbii saymaq olar. Belə ki, özündə yerli və Avropa bədii ənənələrini birləşdirən yeni üslub həmin dövrdə təsviri və tətbiqi sənətdə aparıcı ifadə vasitəsinə çevrilmişdi. Dəbdəbəli həyat tərzinə üstünlük verən Fətəli şah Qacarın (1797-1834) hakimiyyəti illərində sarayların daxili görkəmini daha da zənginləşdirən divar rəsmlərinə müraciət də bundan irəli gəlmişdi. “Qacar üslubu”nda müxtəlif mövzularda çəkilmiş tabloların dəbdəbəli saraylarla yanaşı, həmin dövrün zadəganlarının malikanələrində, qəhvəxanalarında və hamamlarında yer alması da, ilk növbədə bu üslubun tətbiq dairəsinin tədricən genişlənməsindən, az qala rəsmiləşməsindən xəbər verir.
Əlavə edək ki, zamanında Azərbaycan incəsənətinin şimallı-cənublu səhifələrini şərəfləndirən monumental sənət nümunələrinin çoxu bizim dövrə gəlib çatmamışdır. İndinin özündə də Şəki, Ordubad və Qubadakı memarlıq tikililəri istisna olmaqla, otuz ilə yaxın düşmən tapdağında olmuş ərazilərdəki digər divar rəsmlərinin taleyi haqqında ümidverici fikir söyləmək mümkün deyil. Əgər zamanında Sərdar sarayı (İrəvan) kimi bir memarlıq incisi erməni vəhşiliyinin qurbanı olubsa, digər abidələr barəsində bu gün ümidverici sözlər dilə gətirmək çox çətindir...
1762-ci ildə (bəzi mənbələrdə 1797-ci il) Şəki xanlığının əsasını qoyan Hacı Çələbi xanın nəvəsi, “Müştaq” təxəllüsü ilə şeirlər yazan Hüseyn xan tərəfindən inşa etdirilmiş Şəki Xan sarayı həm divar rəsmləri, həm də onların işıqlandırılmasını təmin edən əlvan şəbəkələri ilə məşhurdur. Onu ilk dəfə görən görkəmli türk şairi Nazim Hikmətin söylədiyi “Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan sarayını dünyaya göstərmək bəs edərdi” sözlərində yüksək dəyərləndirmə birmənalıdır.
Araşdırmalardan məlum olur ki, Şəki Xan sarayının dekorativ divar rəsmləri icra baxımından üç dövrü əhatə edir: ilkin – tikilinin müasiri olan divar rəsmləri (XVIII əsrin sonu), XIX əsrin divar rəsmləri (əsasən əsrin sonlarına aid olan bu divar rəsmlərinin əksəriyyətini Usta Qəmbər işləmişdir) və yeni – XX əsrin əvvəllrində çəkilmiş rəsmlər.
Sarayın davamlı olaraq yeniləşən bədii tərtibatında, daha dəqiq desək, monumental-dekorativ rəngkarlığının yaradıcıları sırasında qarabağlı Usta Qəmbər, onun qardaşı Səfər, oğlu Şükür, şamaxılı Mirzə Cəfər, Əliqulu, Qurbanəli və b. adları çəkilir. Sarayın memarının Abbasqulu (bəzi mənbələrdə şirazlı Zeynalabdin) olduğu bildirilir.
Şəki Xan sarayının naxış örtüyünün və müxtəlif təsvirlərin məna-məzmun daşıyıcılığına gəldikdə isə, dekorun yaranmasında dörd qrup naxışın iştirakını görmək mümkündür. Bunlar əsasən həndəsi və nəbati naxışlar, süjetli və quşlarla əlaqəli ifadə olunmuş naxışlardır. Bütünlükdə isə, sarayın tərtibatında çoxlu sayda gül-ağac (lalə, qızılgül, yasəmən, zanbaq, nar, sərv, çinar və s.) və heyvan-quş (bülbül, tovuz, maral, ceyran, kəklik, göyərçin, qırqovul və s.) təsvirlərindən istifadə olunmuşdur ki, bu da interyerin dekor əlvanlığını şərtləndirmişdir.
Şəki Xan sarayındakı süjetli – insan təsvirli kompozisiyaların monumental sənətin başlıca tələbinə – memarlıqla sintezin əldə olunmasına müvafiq işlənilməsi diqqətçəkəndir. Sarayın divar səthində enli haşiyə ilə əhatələnmiş süjetli kompozisiyalarda müharibə və ov motivləri təsvir olunmuşdur. Tədqiqatçılar bu frizvarı kompozisiyaların birində İran-Osmanlı müharibələrindən səhnələrin əks olunduğu qənaətindədirlər.
Tikilinin ümumi dekorunda müşahidə olunan şərti-dekorativ üslubu realist-gerçəkçi sənətin bədii prinsipləri ilə qovuşdurmaqla, müəlliflər miniatür üslubu ilə Qərb rəssamlığının, daha dəqiq desək, “Qacar üslubu” ilə anım yaradan vəhdətini əldə etmişlər. Burada avropalı rəssamın izinə rast gəlinməsi isə binanın tarixində maraqlı faktlardandır.
Şəkidəki Xan sarayı ilə yaşıd olan Şəkixanovların evinin (XVIII əsr) divar rəsmlərində əldə olunmuş monumentallığa rəğmən demək olar ki, burada da sənətlərin sintezinin həlli probleminə xüsusi diqqət yetirilmişdir. Şəkixanovların evinin əsas dekoru sayılan süjetli rəsmlər və ornamentli bəzəklər onun ikinci mərtəbəsinin mərkəzi salonunda yerləşir. Fasadı əlvan şəbəkələrdən ibarət olan tikilinin başdan-başa bəzəklərə bələnməsi buranın nikbin ovqat daşıyıcılığını şərtləndirmişdir.
Ümumi estetikasında Şərq və Qərb rəssamlığının bədii prinsiplərinin qovşağı duyulan bu təsvirlərdə biz bir neçə Şərq poeziyası qəhrəmanlarının obrazlarını görürük. Taxçaların birindəki təsvir isə ilk növbədə janrına görə diqqət çəkir. Burada görüntüyə gətirilən meyvə və tərəvəzlərdən ibarət natürmort Azərbaycan incəsənəti üçün ilk olduğundan təsvirin əhəmiyyəti böyükdür.
Zamanında “Qafqazın konservatoriyası” kimi tanınan Şuşada da XIX əsr monumental-dekorativ rəngkarlığının inkişafının daşıyıcısı olan mülki xarakterli tikililər mövcuddur. Onların arasında Kərim bəy Mehmandarovun, Hacı Məmmədovun, İsgəndər Rüstəmovun, Mir Möhsün Nəvvabın və Səfibəyovun evlərini qeyd etmək olar.
M.M.Nəvvabın və Səfibəyovun evləri istisna olmaqla, qalan tikililərin divar bəzəklərini Usta Qəmbər Qarabaği işləmişdir. Nəvvabın evində özü tərəfindən çəkilmiş portret təsvirlərindən fərqli olaraq, digər mülklərin bədii tərtibatında fauna və flora motivlərindən geniş istifadə olunmuşdur.
Lahıcda (yaşayış evi, XIX əsr), Qubada (”Şirli hamam”, XIX əsr) və Ordubadda (Cümə məscidi, XVII-XVIII əsrlər) mövcud olan divar rəsmlərinin bədii həllində də Azərbaycan monumental-dekorativ sənətinin, o cümlədən Şəkidəki divar rəsmlərinin estetikasını tamamlayan bədii məqamlar kifayət qədərdir.
Azərbaycan monumental-dekorativ rəngkarlığının gözəl nümunələrindən biri vaxtilə Qərbi Azərbaycanın mərkəzi şəhəri İrəvanda (XVIII əsr) inşa olunmuş Sərdar sarayında (1914-cü ildə daşnaklar tərəfindən məhv edilmişdir) olmuşdur. Sarayın geniş salonunu zərif və şux koloritli naxışlar, tarixi və əfsanəvi süjetli divar rəsmləri, eləcə də “Qacar üslubu”nda çəkilmiş portretlər bəzəyirdi. Portretlərin çoxunu (Fətəli şah Qacar, Abbas Mirzə, İrəvan sərdarı Həsən xan İrəvanlı, Rüstəm-Zal) məşhur rəssam M.Q.İrəvani çəkmişdi. Sarayın güzgülü salonu da özünün memarlıq biçiminə və bədii tərtibatına görə kifayət qədər yaddaqalan idi.
Yekun olaraq demək olar ki, müxtəlif mövzulu bu rəsmlərin bu gün də tamaşaçı zövqünə cavab verməsinin kökündə ilk növbədə onlarda sənətlərin uğurlu sintezi, təsvirlərin ənənə və müasirlik kontekstində həll olunması durur. Zamanın axarında monumental rəngkarlığımızın yeni bədii keyfiyyətlərlə zənginləşməsi isə həm də bu sahədə baş verən yeniliklərlə bağlı idi. Bu barədə növbəti yazıda...
Ziyadxan Əliyev
Əməkdar incəsənət xadimi, professor