2022-ci ilin yaradıcılıq planlarında nələr var?

 

2022-ci ilin ilk ayını başa vurmaq üzrəyik. Ötən ili yarımçıq plan-proqramlar, pandemiya məhdudiyyətləri çərçivəsində premyera və cari repertuardan tamaşaların bərpası ilə yola salan (bəlkə də yola verən) teatrlarımızın bu il üzrə tamaşaçılar üçün vədləri hamımız üçün maraqlıdır. Çünki həm uzun fasilədən sonra tamaşaçının teatrdan uzaq düşəcəyi ilə bağlı pessimist proqnozlar özünü doğrultmadı, həm də tamaşaçının teatrdan gözləntiləri çoxaldı. Paradoksal görünsə də, pandemiya tamaşaçı ilə teatr arasındakı nisbətən aşınmış əlaqəni bərpa etdi, bir az da irəli getsək, möhkəmləndirdi deyə bilərik. Tamaşaçı “Azərbaycan insanı teatral deyil” deyənlərə rəğmən teatrın ona lazım olduğunu teatra getməsi ilə təsdiqlədi...

Hal belədirsə, demək, teatrların üzərinə düşən vəzifə də aydındır: canlı, maraqlı və rəngarəng repertuar təqdim etmək. Yaxşı, görəsən, daim pusquda və enerjidə olan “Pələng ili”nin teatrları da o ovqatda olacaq? Bu sual ilə bütün teatrlara müraciət etsək də, yalnız bir qismindən cavab aldıq. Susqunluğu  qoruyanların “qızıl prinsipi”nə əməl etdiyini, yoxsa “sürpriz”lər hazırladığını söyləyə bilməsək də, “Kor nə istər, iki göz ...” deyib keçirik rüblər üzrə plan-proqramlarını bizə ünvanlayanlara.

Başlayaq ilin ilk ayını premyera ilə başa vuracaq Akademik Opera və Balet Teatrından. Hazırda müəyyən hissələri  təmir-bərpa edilən teatr binasında ikipərdəli “Bir Xəzər əfsanəsi” baletinin son məşqləri gedir. Lalə Cəfərovanın müəllif (musiqi və  libretto) işi yanvarın 30-da nümayiş (quruluşçu baletmeyster – Xalq artisti Kamilla Hüseynova) olunacaq.

Teatrın repertuarındakı ən baxımlı nümunələrdən olan “Toska” operası (Cakomo Puççini) da yeni quruluşda hazırlanır və martda operasevərlərlə görüşəcək.

May ayında isə Opera və Balet Teatrı növbəti nümunənin premyerasını edəcək. Adolf Adanın “Korsar” baleti bu dəfə (ikipərdəli) Əməkdar artist Samir Səmədovun quruluşunda hazırlanır.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Maqsud İbrahimbəyovun “Qara paltarlı qadın gəlirdi” romanı əsasında səhnələşdirilən tamaşa tamamlanmaq üzrədir. Xalq artisti Aleksandr Şarovskinin quruluş verdiyi tamaşanın premyerası mart ayına nəzərdə tutulub.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında isə Əməkdar artist Nicat Kazımovun quruluşunda  A.P.Çexovun  “Qağayı”sının son məşqləri gedir və səhnə işi yaxın günlərdə təqdim olunacaq.

Dövlət Yuğ Teatrına gəlincə, bu il Günay Səttarın quruluşunda C.Məmmədquluzadənin “Çay dəsgahı”, Gümrah Ömərin quruluşunda  M.F.Axundzadənin “Mürafiə vəkillərinin hekayəti”, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin rejissor yozumunda J.P.Sartrın “Dəfn edilməmiş ölülər” və Mikayıl Mikayılovun quruluşunda İ.Vırıpayevin “İllüziya”sını izləmək imkanımız olacaq.

Şuşa Dövlət Musiqili Dram Teatrı isə tamaşaçılarını yanvarın 29-da premyeraya dəvət edir. H.Cavidin “Ana” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur. Ümumən isə il ərzində daha üç əsərin səhnələşdirilməsi nəzərdə tutulub.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının da bu il üçün repertuar planı rəngarəngdir. Rüblər üzrə dörd yeni tamaşanın hazırlanması nəzərdə tutulur. Bunlar H.X.Andersenin “Düyməcik” (quruluşçu rejissor – Qurban Məsimov) və “Qar kraliçası”  (quruluş – Anar Məmmədov), Azərbaycan xalq nağılı “Məlikməmməd” (Qurban Məsimov) və alman xalq nağılı “Üç donuz balası” (rejissor – Səidə Haqverdiyeva)  əsərləridir.

Sumqayıt Dövlət Dram Teatrı da yeni təqvim ilinə yeni planlarla başlayıb. Nizami Gəncəvinin 880 illiyi çərçivəsində Mədəniyyət Nazirliyinin sifarişi ilə mütəfəkkir şairin əsərlərinin motivləri əsasında Hafiz Ataxanlının yazdığı “Xəzinə” pyesinin məşqlərinə başlanılıb. Didaktik nəsihət tamaşasına teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov quruluş verir. Səhnə əsərinin fevral ayında təhvil verilməsi nəzərdə tutulur.

Əməkdar artist Namis Şirməmmədovun pandemiyadan öncə quruluş verdiyi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasının məşqləri bitmək üzrədir. R.Ağayevin “Bir gecənin nağılı” lirik-psixoloji dramına (rejissor – Gülnar Hacıyeva) da səhnə həyatının verilməsi gözlənilir.

Çoxsaylı tamaşaçı arzularını nəzərə alaraq, teatr vaxtilə repertuarda yer almış səhnə əsərlərindən birini – H.X.Andersenin “Şahzadənin ulduzu” uşaq nağılını yenidən bərpa edib. Tamaşanın rejissoru Əməkdar mədəniyyət işçisi Vasif Məmmədovdur. Bədii tərtibat Nizami Dadaşova, rəqslərin quruluşu isə Vüsal Mehrəliyevə məxsusdur.

Bölgə teatrlarının da bir qismi il üzrə repertuar planlarına uyğun məşqlərə başlayıblar.

Lənkəran Dövlət Dram Teatrında dörd yeni tamaşanın hazırlanması nəzərdə tutulub. Onlardan birinin – rejissor Elşən Feyzullayevin R.Səfərovun “Ləğv olunmuş tapşırıq” povestinin motivləri əsasında səhnələşdirdiyi “Kod adı – Vətən” tamaşasının məşqlərinə start verilib. Tamaşa Qarabağ uğrunda gedən döyüşlərdə vuruşan lənkəranlıların igidliyini vəsf edir. Tamaşanın mart ayında təqdim olunması nəzərdə tutulub.

Teatrın repertuar planına əsasən, həmçinin İlqar Fəhminin “Şahnamə” (quruluşçu rejissor – Tərlan Abdullayev), Məmmədhüseyn Əliyevin “Prokuror” (quruluş – Oruc Qurbanov), Tərlan Abdullayevin “Cırtdan və yarasa qız” (Tərlan Abdullayev) əsərlərinin də səhnələşdirilməsi gözlənilir.

Qax Dövlət Kukla Teatrının da repertuar planı maraqlıdır. Buraya R.Əlizadənin “Tülkünün uçuşu” (rejissor – Araz Mehrabov), H.X.Andersenin “Çirkin ördək balası” (Yusif Abdurahmanov), O.Proyslerin “Balaca cadugər” (Araz Mehrabov) və Ü.Hacıbəylinin “O olmasın, bu olsun” (Yusif Abdurahmanov)  əsərləri daxildir.

Gəncə Dövlət Kukla Teatrı 2022-ci ilin repertuar planında R.Rzanın “Ana qaz”  (rejissor – Şamil Məmmədli), Xalq əfsanəsi əsasında “Qız qalası” (Fərmail Paşayev), R.Kiplinqin   “Mauqli” (Fərmail Paşayev) və Orta Asiya nağıllarından “Güllü və Güloğlan” (quruluş – Şamil Məmmədli) kimi nümunələr yer alır.

Qazax Dövlət Dram Teatrı yaradıcılıq planlarını daha çox müasir nümunələr üzərində qurub. N.Vəzirovun “Dələduz”u (quruluşçu rejissor – Musa Eyyubov) ilə yanaşı Ə.Orucoğlunun “Qulluqçu axtarıram” (quruluş – Allahverdi Musayev), A.Məmmədovun “Yadındamı?” (Musa Eyyubov) və J.İsmayılın “Min bir gecəlik kitabxana” (Allahverdi Musayev) əsərləri özünün yeni quruluş həllini tapacaq.

Qusar Dövlət Ləzgi Dram Teatrına gəlincə, hazırda sənət ocağında birinci rüb üçün hazırlanan “Tıq-tıq xanım”  (müəllif – Kəmalə Ağayeva) tamaşasının son məşqləri gedir.

Salyan Dövlət Kukla Teatrında isə A.Şaiqin “İntiqamçı xoruz” (rejissor – Təzahür Mehdiyev), R.Kiplinqin “Mauqli” (Rafiq Mirzə) və X.Əlibəylinin “Dovşanın ad günü” (Laləzər Hüseynova) tamaşaları hazırlanacaq.

Onu da qeyd edək ki, teatrların böyük əksəriyyətinin təmsilçiləri plandankənar  tamaşalar hazırlayacaqlarını da bildirdilər.

Həmidə Nizamiqızı