“Xurmalar yetişəndə”
Azərbaycan rejissoru Hilal Baydarovun “Xurma yetişəndə” filmi yanvarın 29-da Londonda nümayiş olunacaq.
Rejissorun “Katex” trilogiyasına daxil olan sənədli ekran əsəri 2019-cu ildə 25-ci Sarayevo Film Festivalında və “Nyon Visions du Reel” Film Festivalında (İsveçrə) mükafatlara layiq görülüb, həmçinin 2020-ci ildə Misirin İsmailiyyə şəhərində keçirilən 22-ci Beynəlxalq Sənədli və Qısametrajlı Filmlər Festivalının “Ən yaxşı sənədli film” nominasiyasında mükafat qazanıb. Müəllifin bu silsilədən “Ana və oğul” filmi “İDFA-2019” (Niderland) festivalında nümayiş olunub.
Hilal Baydarov 1987-ci ildə Bakıda doğulub. Orta məktəbdə oxuyarkən iki dəfə riyaziyyat üzrə respublika olimpiadasının qalibi olub. 2011-ci ildə Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandasına rəhbərlik edib. Kompüter elmləri üzrə ali təhsil aldıqdan sonra Bosniya və Herseqovinanın Sarayevo şəhərində Film Akademiyasında oxuyub, məşhur macar rejissoru Bela Tarrın tələbəsi olub.
Rejissorun debüt filmi – “Adsız yüksəkliklər” 2018-ci ildə Monreal Film Festivalında (Kanada) iştirak edib.
Hilal Baydarov Avropanın üç ən nüfuzlu (Kann və Berlin festivalları ilə yanaşı) kinoforumundan olan Venesiya Film Festivalına dəvət almış ilk azərbaycanlı rejissordur. Onun “Səpələnmiş ölümlər arasında” (“İn Between Dying”) bədii filmi 2020-ci ilin sentyabrında 77-ci Venesiya Film Festivalında nümayiş olunub. Kinorejissorun “Durna çırağı” filmi isə 2021-ci ilin noyabrında 34-cü Tokio Beynəlxalq Film Festivalının “İncəsənətə töhfəyə görə” xüsusi mükafatına layiq görülüb.