Sumqayıt Regional Mədəniyyət İdarəsi (RMİ), Sumqayıt Dövlət Rəsm Qalereyası və S.Vurğun adına Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə “Zirvəyə ucalanlar” adlı sərgi-tədbir keçirilib. Əvvəlcə qonaqlar “Zəng” adlı qısametrajlı bədii filmi izləyiblər. Çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən, Ordumuzun qüdrətindən, şəhidlərimizin qəhrəmanlıqlarından danışıblar. Sonra Sumqayıt şəhər 35 saylı tam orta məktəbin şagirdləri tərəfindən hazırlanan kompozisiya nümayiş olunub.

Regional idarənin tabeliyindəki Qubadlı rayon Mahmudlu kənd F.Hüseynov adına Uşaq musiqi məktəbinin 6-cı sinif şagirdi Aylin Əsədli Türkiyədə onlayn formatda keçirilən “Yeni ilin ulduzları” 2-ci beynəlxalq musiqi müsabiqəsinə qatılaraq fortepiano ifaçılığı üzrə II yerə layiq görülüb.

 

Masallı RMİ Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Təhsil Nazirliyinin həyata keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”nin qalibi olmuş “Dəmir yumruq” əməliyyatı şagirdlərin gözü ilə” layihəsi çərçivəsində reallaşan rəsm müsabiqəsinə yekun vurulub. Dörd nominasiya üzrə keçirilən müsabiqənin final mərhələsində 38 şagird iştirak edib. “Ən yaxşı sulu boya işi”, “Ən yaxşı qrafika işi”, “Ən yaxşı yağlı boya” və digər nominasiyalarda qaliblər elan olunub. Qaliblərə rəssamlıq alətləri və diplomlar təqdim olunub. Müsabiqə iştirakçıları isə fəxri fərmanlarla mükafatlandırılıblar.

 

Xaçmaz RMİ Qusar rayon Mərkəzi Kitabxanasında “Şuşa İli” münasibətilə “Şuşa Qarabağın tacıdır” adlı tədbir keçirilib. Tədbirdə şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.

 

Şəki RMİ M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin  ildönümünə həsr olunmuş “Eşq, ölüm və zəfər” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Şəki Xalq teatrının hazırladığı (rejissor – Elvin Nüsrətoğlu) kompozisiya İlham və Fərizənin əbədi yaşayacaq qəhrəmanlıq və sevgi dastanından bəhs edir. Rolları mərkəzin bədii rəhbəri Rəşad Rüstəmov və İ.Salmanov adına şəhər Folklor klubunun metodisti Aytən Xəlilzadə ifa ediblər.

 

İsmayıllı RMİ Şamaxı rayon Mərkəzi Kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə 23 yanvar – Beynəlxalq əlyazma günü ilə əlaqədar “Gözəl əlyazısı” adlı tədbir keçirilib. Tədbirin məqsədi kitaba, mütaliəyə məktəblilərin diqqətini artırmaq, onların dərketmə qabiliyyətini və təfəkkürünü zənginləşdirməkdən ibarət olub.

 

Ağstafa RMİ-nin rəisi Nurəddin Mehdiyev idarənin əhatə etdiyi Qazax rayonunun mədəniyyət müəssisələrinə baş çəkib, görülən işlərlə tanış olub, müvafiq tövsiyə və tapşırıqlarını verib.

 

Lənkəran RMİ Lənkəran şəhər C.Cabbarlı adına 1 nömrəli Uşaq musiqi məktəbində “Şəhidlərimizi daim hörmətlə anırıq” adlı tədbir keçirilib. İdarənin rəisi Şahin Şahbazovun da iştirak etdiyi tədbirdə məktəbin hazırladığı “Qan yaddaşımız” adlı videoçarx nümayiş etdirilib.

 

Sabirabad RMİ Saatlı Dövlət Rəsm Qalereyasında tanınmış realist rəssam Bəhruz Kəngərlinin (1892-1922) 130 illiyi münasibətilə tədbir təşkil edilib. Tədbirdə rəssamın həyat və yaradıcılığı haqqında məlumat verilib.

 

Gəncə RMİ Samux rayon Heydər Əliyev Mərkəzində “Güclü Azərbaycan Ordusu Heydər Əliyev siyasətinin nəticəsidir” mövzusunda tədbir keçirilib. Tədbirdə ümummilli liderin ordu quruculuğu sahəsində fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Hazırladı: N.Məmmədli