Yanvarın 25-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında görkəmli türk şairi, dramaturq Nazim Hikmətin (1902-1963) anadan olmasının 120 illiyinə həsr edilmiş tədbir keçirilib. Tədbir Azərbaycan Yazıçılar Birliyi və “Luç” Ədəbi Yaradıcılıq Assosiasiyası tərəfindən təşkil olunub.
Tədbirdə “Luç” Ədəbi Yaradıcılıq Assosiasiyasının sədri, filologiya elmləri doktoru, professor Tofiq Məlikli, professor Vaqif Sultanlı, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid və başqa çıxış edənlər Nazim Hikmətin yaradıcılığından söz açıb, onun ХХ əsrin ən böyük şairlərindən biri olduğunu bildiriblər.
Vurğulanıb ki sağlığında Qərbdə Nazim Hikməti inqilabçı şair, kommunist hesab edirdilər və zəmanəmizin prizmasından baxanda, onu gənc yaşlarından sufizm ideyaları ilə ruhlanan, marksist ideologiyasını dəstəkləyən, faşizmi pisləyən romantik sosialist utopist adlandırmaq olar. Əqidəsinə görə şair dəfələrlə vətənində – Türkiyədə həbs olunub, ümumilikdə 17 ilini dəmir barmaqlıqlar arxasında keçirib. Əsasən sərbəst şeir, verlibr formasından istifadə edən şair öz fikrini hər zaman açıq ifadə edirdi. SSRİ-yə mühacirət edəndən sonra da o, sovet rəhbərlərinin qəzəbinə səbəb olaraq, İ.Stalinin şəxsiyyətinə pərəstiş, sosialist sistemindəki digər qüsurlar barədə mənfi fikir söyləyib.
Diqqətə çatdırılıb ki, Nazim Hikmət Azərbaycanı sevirdi və Rəsul Rza, Səməd Vurğun, Süleyman Rüstəm kimi görkəmli Azərbaycan şairləri ilə dostluq edirdi. 70-ci illərdə Bakıda Nazim Hikmətin əsərlərinin yer aldığı türk şeir antologiyası işıq üzü görüb.
Qeyd edək ki, Nazim Hikmətin “Məhəbbət əfsanəsi” pyesinin motivləri əsasında bəstəkar Arif Məlikov eyniadlı balet yazıb. Sovet İttifaqında ədibin bir sıra əsərləri ekranlaşdırılıb. O cümlədən “Azərbaycanfilm”də “Yaşamaq gözəldir, qardaşım!” (rejissorlar Ramiz Əsgərov, Antonis Voyazos), “Bir məhəlləli iki nəfər” (rejissorlar Əjdər İbrahimov, İlya Qurin), “Mosfilm”də türk aktyorların da iştirakı ilə “Məhəbbətim mənim, kədərim mənim” (rejissor Əjdər İbrahimov) filmləri çəkilib.