“Nizami Gəncəvi İli”nin yekunları

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) tərəfindən Ə.Nəvai adına Özbəkistan Milli Kitabxanası, Özbəkistan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası, Biruni adına Şərqşünaslıq İnstitutunun, M.Uluqbəy adına Özbəkistan Milli Universitetinin, Ə.Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin kitabxanalarına Nizami Gəncəvi və Əlişir Nəvai irsi ilə bağlı,  habelə Azərbaycan tarixi və ədəbiyyatına dair zəngin kitab kolleksiyası hədiyyə edilib.

Xatırladaq ki, Azərbaycanda “Nizami Gəncəvi  İli” elan olunan 2021-ci ildə Özbəkistanda da Əlişir Nəvainin 550 illiyi qeyd edilib. Ötən il Türk dünyasının iki mütəfəkkir şairi – Nizami və Nəvainin yaradıcılığından bəhs edən kitablar da işıq üzü görüb.

Sözügedən kolleksiyaya AMM-in layihəsi ilə özbək dilində nəşr olunmuş Nizami Gəncəvinin “Xəmsə”si, Azərbaycan və özbək dillərində çap edilmiş “Əlişir Nəvainin hikmətləri” kitabı, habelə hər iki şairin irsinə dair qiymətli nəşrlər, monoqrafiyalar yer alıb.

Bundan başqa, özbək dilinə tərcümə olunmuş Azərbaycan poeziyası antologiyası, Azərbaycan şair və yazıçılarının əsərləri, habelə azərbaycanca-özbəkcə, özbəkcə-azərbaycanca lüğət və danışıq kitabçası, Qarabağ münaqişəsi, Xocalı soyqırımı mövzusunda nəşrlər hədiyyə olunub.

AMM-dən verilən məlumata görə, Nizami Gəncəvinin özbək dilində nəşr olunmuş “Xəmsə”si, habelə dahi Azərbaycan şairi haqqında özbək alimlərinin monoqrafiyaları Səmərqənd, Buxara, Cizzax, Nəvai, Nukus, Urgənc, Fərqanə, Termez universitetlərinin kitabxanalarına göndəriləcək.