Mədəniyyət Nazirliyinin dəstəyi ilə hər həftənin şənbə və bazar günləri “Avto FM”də (107.7) yayımlanan “AzerNyuMedia” şirkətinin “Cinema Radio” kanalının “Müasir audiovizual baxış” mükafatının sayca üçüncü təqdimatı keçirilib.

Yanvarın 26-da “Cinema Plus” kinoteatrlar şəbəkəsinin “Gənclik Mall”da yerləşən kinoteatrında “Azman Holdinq”in dəstəyi ilə təşkil edilən tədbirin aparıcısı, aktyor Emin Nəsirli “Cinema Radio” kanalı və mükafat haqqında məlumat verib.

Mərasimdə çıxış edənlər Mədəniyyət Nazirliyinin sektor müdiri Rüfət Əliyev, “PMG Group” şirkətinin rəhbəri Cavid Nemətzadə, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev “Cinema Radio” kanalının formatı və layihənin əhəmiyyətindən danışıblar.

Sonra layihənin rəhbəri, “AzerNyuMedia” şirkətinin icraçı direktoru Kamran Qasımov və kanalın aparıcısı RJ Yaqut builki mükafatın sahibini elan ediblər. Mükafat 2021-ci ilin audiovizual yekunlarına əsasən aktyor, ssenarist, aparıcı Azər Aydəmirə təqdim olunub. Mərasimdə Əməkdar artist Xəyyam Mustafazadə “Nizami” və “Odlar yurdu” filmlərindən canlı soundtracklar ifa edib.