Yanvarın 28-dən "Azerspace-1" peykindən yayımlanan Azərbaycan televiziya kanalları HD (High Definition – yüksək dəqiqlikli) formatda yayıma keçib.

Bu, “Azərkosmos”, Milli Televiziya və Radio Şurası, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi və Dövlət Radiotezliklər İdarəsinin birgə razılığına əsasən, yerli televiziya kanallarının yayımında təsvir keyfiyyətinin daha üstün səviyyəyə gətirilməsi məqsədilə həyata keçirilib.

Yeni formata keçidlə əlaqədar olaraq yanvarın 28-dək yerli telekanallar öz infrastruktur və yayım tezliklərini HD keyfiyyətində yayımı mümkün edən vəziyyətə gətirib. Yayım texnologiyası “MPEG-2” sıxlaşdırma metodundan “MPEG-4” sıxlaşdırma metoduna keçirilib.

Yerli televiziya kanalları HD formatda “Azerspace-1” peyki üzərindən 11175/H/30000 tezliyi ilə yayımlanacaq (buna qədər 11175/H/27500 idi). Kanalları HD formata keçirmək üçün tezliyi dəyişmək lazımdır.

"Azercosmos" Azərbaycan kanallarının HD yayıma keçidi ilə əlaqədar video təlimat təqdim edib: https://youtu.be/C_9AGT63abo