Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yeni nəşri – “Nizami Gəncəvi yaradıcılığında multikultural və ümumbəşəri dəyərlər” adlı məqalələr toplusu işıq üzü görüb.

BBMM-in mətbuat xidmətindən bildirilib ki, kitab ölkə başçısının müvafiq sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar hazırlanıb.

Multikultural əhvalın, tolerant durumun klassik Azərbaycan ədəbiyyatında əsrlər boyu formalaşan və bədii nümunələrdə yaşayan təzahürü çoxşaxəlidir. Bu kontekstdə ilk olaraq böyük mütəfəkkir Nizami Gəncəvinin yaradıcılığı diqqəti cəlb edir. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi Nizaminin əsərləri multikultural mühit, çoxmədəniyyətlilik elementləri və dəyərləri ilə zəngindir.

Məqalələr toplusunda Nizami Gəncəvinin çoxçalarlı yaradıcılığı əsasən multikulturalizm və tolerantlıq prizmasından nəzərdən keçirilir. Qüdrətli söz ustadının xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus yerini qoruyub saxlamaqdadır.

Nəşrdə altı ölkədən (Azərbaycan, Gürcüstan, Özbəkistan, Ukrayna, Almaniya, Türkiyə) 20-yə yaxın müəllifin elmi və publisistik məqalələri toplanıb. Nəşrin elmi redaktoru və ön sözün müəllifi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilər Şurasının sədri, akademik Kamal Abdulla, layihə rəhbəri BBMM-in icraçı direktoru Rəvan Həsənovdur.