Nizaminin “Yeddi gözəl”inə nəzirə

 

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən Abdullah Hatifinin “Həft mənzər” əsərinin Azərbaycan dilinə filoloji və nəzmlə tərcüməsi nəşr olunub.

İnstitutdan bildirilib ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinə onlarla nəzirə yazılıb. Nəzirə müəlliflərinin hər biri Nizaminin qoyduğu ideyaları öz düşüncəsinə uyğun olaraq təqdim edib. Belə müəlliflərdən biri olan Abdullah Hatifinin Nizami Gəncəvinin “Yeddi gözəl”indən təsirlənərək yazdığı “Həft mənzər” əsərində gözəllər üçün tikilmiş yeddi imarətdən bəhs edilir. Burada cərəyan edən hekayələrin hər biri ibrətamiz mövzuya həsr olunub.

Şərqşünaslıq İnstitutunun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Əlizadə əsəri Azərbaycan dilinə filoloji tərcümə edib, eyni zamanda əlyazmanı köçürərək ön söz və izahlar yazıb. “Həft mənzər”in Azərbaycan dilində nəzmə çəkilməsi isə Aygün Əlizadə ilə birgə Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rəşid Təhməzoğluna aiddir.

Əsərin fars dilindən Azərbaycan dilinə həm filoloji, həm də nəzmlə tərcüməsi Azərbaycan oxucusuna Nizami dühasının təkcə öz əsərlərində deyil, həm də yaratdığı məktəbdə də əks olunduğunu göstərmək məqsədi daşıyır.

Abdullah Hatifinin “Həft mənzər” əsəri 2 min 224 beytdən ibarətdir. Fars dilində olan orijinal mətnin qarşısında tərcümələri verilib.