“Mən sənin yuxunam” xatirələr kitabı təqdim olunub
Səməd Vurğunun Ev-Muzeyində Xalq şairi Vaqif Səmədoğlunun (1939-2015) vəfatının yeddinci ildönümü münasibətilə tədbir təşkil edilib.
Tədbirdə şairin həyat yoldaşı Nüşabə Vəkilovanın böyük sənətkar haqqında “Mən sənin yuxunam” adlı xatirələr kitabının təqdimatı keçirilib.
Xatirə axşamında ədəbiyyat və incəsənət nümayəndələri iştirak ediblər. Professorlar Fəridə Səfiyeva, Rüstəm Kamal, şair, tərcüməçi, Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, gənc şair Fərid Hüseyn, gənc yazar Pərvin Nurəliyeva və başqaları çıxış edərək Vaqif Səmədoğlu yaradıcılığı və xatirələr kitabı ilə bağlı fikirlərini bölüşüblər.
Türkiyədən qonaq gəlmiş Nilgün Saryal Vaqif Səmədoğlu poeziyası haqqında ürək sözlərini söyləyib. Şairə Zərəngiz Dəmirçi Qayalı Vaqif Səmədoğluna həsr etdiyi şeiri oxuyub. Xalq artisti Mehriban Zəki və aktyor Kamran M.Yunis şairin şeirlərini söyləyiblər.
Sonda çıxış edən Nüşabə Vəkilova tədbir iştirakçılarına minnətdarlığını bildirərək deyib: “Vaqifdən danışacağım hər şeyi kitabımda qeyd etmişəm. İçimdə rahatlıq tapdım ki, mən bunu etdim. Mənim bütün ömrümə Vaqif Səmədoğlu adı yazılıb. Vaqif mənə bir neçə şeir həsr edib. Mənə həsr etdiyi bir şeirdə deyir: “Mən sənin yuxunam”. Məhz buna görə kitabımın adını “Mən sənin yuxunam” qoydum...”.