İşğaldan azad olunmuş ərazilərlə bağlı həyata keçirilən nəqliyyat layihələrindən biri də Bərdə-Ağdam dəmiryolunun yenidən qurulmasıdır.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, dövlət başçısının müvafiq sərəncamına əsasən, Bərdə-Ağdam dəmiryolu xəttinin tikinti-quraşdırma işlərinə 2020-ci ilin dekabrında start verilib.
Yol xəttinin uzunluğu 47,1 kilometrdir. Layihə çərçivəsində 4 stansiyanın, 3 körpünün, ümumilikdə 100-dən çox süni mühəndis qurğunun tikintisi planlaşdırılır.
Tikinti işləri iki mərhələdə həyata keçirilir. Bərdə-Köçərli-Təzəkənd stansiyalarını əhatə edən (20,78 km) mərhələ üzrə 16,8 km yolun üst quruluşu elementləri və 18 yoldəyişdirən qurğu quraşdırılıb. Köçərli və Təzəkənd stansiyalarının inşası aparılır. Ümumilikdə birinci mərhələ üzrə tikinti-quraşdırma işləri 65 faiz yerinə yetirilib.
İkinci mərhələ üzrə dəmiryolu xətti (Təzəkənd-Ağdam, 26,32 km) minalandığından tikinti-quraşdırma işləri minatəmizləmə prosesinə paralel həyata keçirilir. Bərdə-Ağdam dəmiryolunun tikintisinin 2023-cü ildə yekunlaşdırılması planlaşdırılır.