Qədim tarixə, zəngin mədəni irsə və əsrarəngiz təbiətə malik Azərbaycan bütün dövrlərdə yüksək tolerantlığı ilə seçilib. Zərdüştlük dininin vətəni, Qafqazda xristianlığın ilk beşiyi, İslam dininin geniş yayıldığı bu məkan, müxtəlif etnosların sülh içində yaşadığı ərazi, rəngarəng mədəniyyətlərin bir-birindən bəhrələnərək çiçəkləndiyi diyardır.
Azərbaycan etnoqrafik rəngarəngliyi ilə seçilən ölkədir. Ölkəmizin ərazisində yaşayan müxtəlif etnik qruplar dövlətin də yaxından dəstəyi ilə özünəməxsus mədəniyyət elementlərini qoruyub saxlayırlar. Bu mədəniyyət məişət həyatında, sənətkarlıqda, mətbəxdə və müxtəlif mərasimlərdə öz əksini tapmaqdadır.
Azərbaycana gələn turistləri də bölgələrimizin etnoqrafik xüsusiyyətləri və mədəni irsi cəlb edir. Bu baxımdan Lahıc Azərbaycanın etnoqrafik turizm marşrutu kimi seçilən bölgələrindəndir.
Lahıc qəsəbəsi İsmayıllı rayonunda, Böyük Qafqazın ətəyində, Girdiman çayının sahilində yerləşir. Erkən orta əsrlərdə indiki Lahıc ərazisində müxtəlif tayfalar məskunlaşmışdı. 1500 illik tarixi olan Lahıc qəsəbəsinin yaradılmasını III-VII əsrlərə aid edirlər. Dəniz səviyyəsindən 1500 m hündürlükdə yerləşən Lahıc Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunur və ona təbii qala şəraiti bəxş edir. Belə bir coğrafi məkan qədim zamanlarda Lahıcın basqınlardan yaxşı müdafiə olunması üçün imkan yaradıb.
Sənətkarlıq mərkəzi
Lahıc XVIII-XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və s. məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb. XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət göstərib. Lahıc ustalarının yüksək sənətkarlıqla düzəltdikləri odlu (tüfəng, müxtəlif tipli tapançalar və sair) və soyuq (xəncər, beybut, qılınc, bıçaq və sair) silahlar əl-əl gəzib. Bu silahlar ornamentlərlə bəzədilir, onlara sənətkarların möhürü vurulurdu. Vaxtilə Rusiyanın İjevsk silah zavodunda Lahıc ustalarının təcrübəsindən istifadə olunmuşdu. O dövrdə Lahıcda 100-dən artıq sənət növü - misgərlik, dabbaqlıq, çəkməçilik, papaqçılıq, sərraclıq, dəmirçilik, həkkaklıq, qalayçılıq, dulusçuluq, dərzilik və s. peşələr inkişaf tapmışdı. Muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qayğı ilə qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir.
Lahıcın misgərlik nümunələri bu gün də məşhurdur. Bura səfər edərkən, misgərlik emalatxanalarında ustaların işlərinə baxmaqla bərabər, bir neçə sənətkar sirlərini də öyrənmək olar. Arzu edənlər hədiyyə olaraq mis məmulatları ala bilər.
Qəsəbə tarixi abidələrlə zəngin olduğundan muzey tipli qoruq və Şahdağ Milli Parkının hissəsi sayılır. Lahıcın yaxınlığında qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının hökmdarı Cavanşirin adını daşıyan qala var. Kənddə fəaliyyət göstərən etnoqrafiya muzeyində kəndin keçmişi, köhnə məişət əşyaları ilə tanış olmaq olar. Lahıcın gözəlliklərindən biri də Niyaldağdır. Niyaldağ dəvə belinə oxşar 9 yaldan ibarətdir. Bu yal silsiləsi dəvə karvanını xatırladır. Kənd ətrafında çay dərələri boyu at gəzintisi etmək olar.
Turistlərin sevimli məkanı
Lahıc turistlərin ən çox maraq göstərdiyi məkanlardan biridir. Statistikaya görə, ildə bura 25-30 min turist gəlir. Lahıc Turizm İnformasiya Mərkəzinin direktoru Dadaş Əliyevin sözlərinə görə, Lahıc qədim sənətkarlıq mərkəzi kimi, həm füsunkar təbiəti ilə daima turistlərin diqqətini özünə cəlb edib: “XVIII-XIX əsrlərdə qəsəbə mis qablar və silah istehsalının əsas mərkəzlərindən biri sayılırdı. Məmulatlar yüksək zövqlə və mürəkkəb naxışlarla bəzədilirdi. Vaxtilə burada sənətkarlığın 40-dək növü inkişaf edib. Bu gün də müəyyən sənət ənənələri yaşamaqdadır. Burada sənətkarlıq o qədər inkişaf etmişdi ki, bir usta bir qabı düzəldəndə, digər usta artıq o qabı düzəltməzdi. Hər qabın, hər əşyanın öz ixtisaslaşmış ustası vardı. Misgərlik, dəmirçi sənəti bu gün də yaşayır. Xalq sənətkarlığı yüksək səviyyədə inkişaf edib”.
Həmsöhbətimiz deyir ki, Lahıc həm də öz arxitekturası, adət-ənənələri ilə fərqlənir: “Bölgəyə gələn turist əhalinin məişəti ilə də çox maraqlanır. Bir çox hallarda əcnəbi turistlər hotellərdə yox, kənd evlərində qalırlar, yerli əhalinin həyat tərzi, məşğuliyyətləri ilə daha yaxından tanış olurlar. Əgər Lahıcda toy, nişan mərasimləri varsa, adət-ənənələrimizi göstərmək üçün turistlər həmin mərasimlərə dəvət olunur. Lahıc sakinləri çox qonaqpərvərdir. Bəzən yerli camaat özləri qonaqları mərasimlərə dəvət edir. İndi qədim adət-ənənələrlə az adam toy edir. Amma müəyyən detallar qalıb. Burada hələ də qız toyu, oğlan toyu ayrı-ayrı olur. Gəlini məşəllərlə gətirmək ənənəsi qalıb. Əlbəttə ki, bunlar hamısı Lahıca gələn hər bir turist üçün maraqlıdır”.
“BİG-Azeri-tour” turizm şirkətinin rəhbəri Ofil İsmayılov turistlərin etnoqrafik turizm marşrutlarına, xüsusilə də Lahıca böyük maraq göstərdiklərini deyir. Onun sözlərinə görə, Azərbaycanda yaşayan azsaylı xalqların fərqli mədəniyyətləri, məişətləri turistlərin böyük marağına səbəb olur: “İstər əcnəbi, istərsə də yerli turistlərə bölgələrin özünəməxsus xüsusiyyətləri maraqlı gəlir. Azərbaycanın öz zəngin mədəniyyəti ilə yanaşı azsaylı xalqların spesifik mədəniyyətləri, mərasimləri, adət-ənənələri turizm məhsulu kimi təqdim oluna bilər. Biz Lahıca turlar təşkil edərkən Lahıcda hər bir detal turistə maraqlı gəlir. Onlar burada xalq yaradıcılığı nümunələri ilə tanış olurlar, füsunkar təbiətin qoynunda mədəni istirahət edirlər. Azərbaycanda olan Nic, Xınalıq və bu kimi digər etnoqrafik marşrutlar da turistlərin diqqətini çox cəlb edir”.
Lahıcın özünəməxsus mətbəx nümunələri
İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov deyir ki, Lahıca gələn turistlərin mədəni istirahəti yüksək səviyyədə təmin olunur: “Lahıc sənətkarlıq mərkəzi kimi bütün dövrlərdə insanların maraq dairəsində olub. Bura gələn turistlər füsunkar bir təbiətdə istirahət etməklə bərabər, milli mətbəx nümunələri ilə də tanış olurlar. Qeyd edim ki, Lahıcda mətbəx nümunələri digər bölgələrdən fərqlənir. Burada plovun, dolmanın dadı tamamilə fərqlidir. Bu gün Lahıc əsl turizm məkanıdır. Hotellərdə qiymətlər də münasibdir. Bir günlük istirahət 25-30 manata başa gəlir. Kənd evlərində uzunmüddətli qalmaq istəyənlər də olur. Onlar burada əhalinin məişəti ilə, sənət növləri tanış olurlar. Əl işləri ilə maraqlanırlar, hədiyyələr alırlar”.
Ceyhun Zərbəliyev