Fevralın 6-da Beynəlxalq Muğam Mərkəzində (BMM) Xalq artisti, ustad xanəndə Ağaxan Abdullayevin (1950-2016) xatirəsinə həsr olunmuş tədbir keçirildi. “ASAN Könüllüləri” təşkilatının dəstəyi ilə gerçəkləşən gecədə görkəmli xanəndənin həyat və yaradıcılıq yoluna işıq salındı.
Əvvəlcə xanəndənin muğam müsabiqələrində və televiziya verilişlərində çıxışlarından kadrlar nümayiş olundu.
Xalq artistləri, tarzənlər Vamiq Məmmədəliyev, Malik Mansurov, BMM-in layihə rəhbəri Gülhüseyn Kazımlı çıxış edərək sənətkarın milli muğam sənətinin inkişafında xidmətlərindən söz açdılar.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) əməkdaşı Əsli İbrahimli çıxış edərək Ağaxan Abdullayev sənətinin yeni xanəndələr nəsli üçün təbliğinin əhəmiyyətli olduğunu dedi.
Sənətkarın oğlu Xoşbəxt Abdullayev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.
Xatirə gecəsi konsert proqramı ilə davam etdi. Ağaxan Abdullayevin yetirmələri Vəfa Vəzirova, Nisbət Sədrayeva, Məmməd Nəcəfov xanəndənin repertuarından muğam və təsniflər səsləndirdilər.
Sonda ustadın daha bir oğlu Hikmət Abdullayevin ifasında atasının xatirəsinə ithaf olunan “Ata” mahnısına çəkilmiş klip nümayiş etdirildi.
Lalə Azəri