Bəstəkarın ev-muzeyində musiqili xatirə axşamı

 

Azərbaycanın dünya şöhrətli bəstəkarı, pedaqoq, akademik, SSRİ Xalq artisti, dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin (1918-1982) anadan olmasının 104-cü ildönümü (5 fevral) münasibətilə mədəniyyət ocaqlarında müxtəlif tədbirlər keçirildi, dahi musiqiçinin Fəxri xiyabandakı məzarı başında xatirəsi ehtiramla yad edildi.

Fevralın 4-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə Qara Qarayevin Bakıdakı ev-muzeyində də böyük bəstəkarın anadan olmasının 104-cü ildönümünə həsr edilən tədbir gerçəkləşdi.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova bəstəkarın zəngin yaradıcılığının milli və bəşəri xüsusiyyətlərindən danışdı. Bildirdi ki, Azərbaycan və dünya musiqi mədəniyyətinə  töhfələr vermiş Qara Qarayev bənzərsiz yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar olub. Onun hər bir əsəri isə musiqi həyatımızın xüsusi hadisəsinə çevrilib və bundan sonra hələ çox yüzilliklər insanların mənəvi dünyasının zənginləşməsinə və  zövqünün formalaşmasına xidmət edəcək.

Ev-muzeyin direktoru Züleyxa Qarayeva-Bağırova çıxış edərək sənətkarın xalq musiqisinə, doğma vətəninə ülvi tellərlə bağlılığından, tələbələrinə böyük sevgi və həssaslıqla yanaşmasından söz açdı. Diqqətə çatdırdı ki, o, tələbələrinin yaradıcı potensialını dərindən duyar və fərdi üslublarını qoruyardı.

Çıxışlardan sonra konsert proqramı təqdim edildi. Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin direktoru, Əməkdar artist Nərgiz Əliyeva, Əməkdar artist Yuliya Motorina, Samirə Fərəcova, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin X sinif şagirdi, beynəlxalq müsabiqə laureatı Xədicə Hacılı (skripka) və İrina Mehdiyevanın (fortepianoda) görkəmli bəstəkarın əsərlərindən nümunələr ifa etdilər. Həmçinin görkəmli bəstəkarlar Zakir Bağırov və Qara Qarayevin nəvəsi, hazırda ABŞ-da yaşayan saksofon ifaçısı, bəstəkar Zülfüqar Bağırovun Azərbaycan bəstəkarlarının musiqisinə kompozisiyalarının videoyazısı nümayiş olundu.

S.Fərəcov