Yadımdadır, uşaq yaşlarımda hər dəfə evdə söz düşəndə “ana, dayım haradadır?” deyə soruşardım. Anam isə hər zaman “şəhid olub, oğlum, cənnətdədir”, – deyə göz yaşları ilə mənə cavab verərdi. O vaxtdan şəhidliyin ən ali mərtəbə olduğunu öyrənmişdim.

O sözlərin üstündən illər keçib. Bu gün bir daha anlayıram ki, şəhidlər həqiqətən də, ölməzdirlər. Onlar hər zaman xalqımızın qəlbində yaşayacaq. 44 günlük Vətən müharibəsində qanlarının son damlasına qədər döyüşərək şəhid olan igidlər kimi...

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də Həsən Süleymanovdur.

Həsən İsmayıl oğlu Süleymanov 1991-ci il avqustun 25-də Ağcabədi rayonunda dünyaya göz açıb. O, üç bacının tək qardaşı olub. İlk təhsilini Ağcabədi rayon 3 saylı tam orta məktəbdə alıb. 2008-ci ildə orta məktəbi bitirərək Qazax rayonu N saylı hərbi hissəsində xidmətə yollanıb. Hərbi xidmətini snayper kimi yerinə yetirib.

2020-ci ilin Vətən müharibəsi başlayandan iki gün sonra – sentyabrın 29-da səfərbərliyə cəlb olunub.

Şəhidin həyat yoldaşı Qumru Süleymanova həmin günü belə xatırlayır: “Həsənə çağırış gələrkən o, evdə yox idi, torpaq sahəsində işləyirdi. Həsənə zəng edərək, ona çağırış gəldiyini söylədik. O, dərhal evə gəlib hazırlaşdı. Anası ona yemək çəkdi. Ancaq, o, “yeməyimi Qarabağda yeyəcəyəm” – deyərək evdən çıxdı. Həsən çox həyəcanlı idi. O, qapıdan çıxarkən övladları “ata, bizi qoyub getmə” – deyə ağladılar. Həsən onlara gələcəyini söylədi. Övladlarımızı mənə əmanət edərək, xudahafizləşdi...”.

Həsən Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edir. Oktyabrın 25-də Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olur.

Qumru Süleymanova bildirir ki, həyat yoldaşı müharibədə olan zaman imkan düşdükcə onlarla əlaqə saxlayırmış: “Sonuncu dəfə oktyabrın 24-də zəng etdi. İnamla dedi ki, “az qalıb, tez bir zamanda Qələbə xəbərini alacaqsınız...”. Həsən həmin axşam Qubadlıya yollandı. Oktyabrın 25-də, toyumuzun ildönümündə şəhidlik zirvəsinə ucaldı...”.

Qumru xanım söyləyir ki, Həsən atasının əmisinin adını daşıyırdı. O da 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində həlak olub: “Həsən də onun yolunu getdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

2013-cü ildə ailə həyatı quran Həsənin Fatimə və Hüseyn adlı iki övladı Vətənə əmanət qalıb.

Həsən Süleymanov oktyabrın 26-da Ağcabədi rayonu Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Ruhu şad olsun.

Nurəddin