Azərbaycan ədəbiyyatı tarixində müstəsna yeri olan şair, yazıçı, dramaturq, tərcüməçi Abdulla Şaiq həm də maarif və mədəniyyətimizin görkəmli simalarından biridir. Əməkdar incəsənət xadimi. Ömrünü xalqın maariflənməsinə həsr edən ədib milli uşaq ədəbiyyatımızın ən nadir nümunələrini yaradıb.
Abdulla Axund Mustafa oğlu Talıbzadə (Abdulla Şaiq) 24 fevral 1881-ci ildə Tiflis şəhərinin Şeytanbazar məhəlləsində ruhani ailəsində dünyaya göz açıb. Altısinifli şəhər müsəlman məktəbində təhsil alır. 1893-cü ildə Xorasana ziyarətə gedən anası özü ilə Abdulla və böyük qardaşı Yusifi də aparır. Onlar orada dövrünün tanınmış maarifçisi Yusif Ziyanın məktəbində yeddi il oxuyurlar, ədəbiyyat, tarix, məntiq üzrə yaxşı təhsil alırlar. 1900-cü ildə yenidən Tiflisə qayıdırlar.
Abdulla Bakıya köçür. Maarifçilik sahəsində fəaliyyət göstərməyə başlayır. 1901-ci ildə 3-cü Oğlanlar gimnaziyasında xüsusi komissiya qarşısında imtahan verərək ana dili müəllimi şəhadətnaməsi alır. Bir müddət sonra Rus-tatar məktəbində də ehtiyat müəllim kimi işə qəbul olunur.
1906-cı ilin avqustunda Bakıda keçirilən müəllimlərin I qurultayının təşkilində yaxından iştirak edən Abdulla Şaiq qurultayda ana dili və ədəbiyyatın tədrisinə dair mütərəqqi təşəbbüslər ortaya qoyur. Nəticədə qurultay tərəfindən H.Zərdabi, F.Köçərli, M.Mahmudbəyov, S.Sani, A.Şaiq və başqalarından ibarət xüsusi komissiya yaradılır. Azərbaycan dilində müvafiq proqram hazırlamaq bu heyətə tapşırılır.
Qurultaydan bir il keçməmiş “Əlifba”, “Uşaq çeşməyi” (“Uşaq gözlüyü”), “İkinci il” və “Gülzar” adlı dərsliklər ərsəyə gəlir. Abdulla Şaiq daha sonra müxtəlif illərdə bir-birinin ardınca “Milli qiraət”, “Müntəxəbat”, “Türk çələngi”, “Ədəbiyyat”, “Türk ədəbiyyatı”, “Gülşəni-ədəbiyyat” adlı dərslik və proqramlar hazırlayır. Həmin dərsliklərdə Azərbaycan klassiklərinin həyat və yaradıcılığı haqqında məlumat və əsərlərindən parçalar yer alır. O həm də qadınlar üçün jurnal çıxarmaq, uşaq bağçası açmaq, kitabxana yaratmaq və kasıb uşaqları pulsuz oxutmaq kimi təşəbbüslər də irəli sürür.
Araşdırmalarda qeyd edilir ki, A.Şaiq yaradıcılığa tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri “Layla” adlı uşaq şeiri olub. O, 1906-cı ildən başlayaraq Azərbaycan milli uşaq poeziyasının diqqətəlayiq nümunələrini yaradır. “Dəbistan” və “Məktəb” uşaq jurnallarında dərc edilir. Həmin il “Nicat” cəmiyyəti idarə heyətinə üzv seçilir.
A.Şaiq şifahi xalq ədəbiyyatına xüsusi diqqət yetirir, yaradıcılığında bu örnəklərə geniş yer verir. “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, “Yaxşı arxa” kimi mənzum nağılları maraqla qarşılanır. 1910-cu ildə yazdığı “Gözəl bahar” pyesi ilə milli uşaq dramaturgiyasının əsasını qoyur. Eyni zamanda ictimai-siyasi həyatla səsləşən “Hürriyyət pərisi”, “Niyə uçdu?”, “Bir quş”, “XX əsrə xitab”, “Şikayətlərim” və digər şeirlərini qələmə alır. Müəllif “Həpimiz bir günəşin zərrəsiyiz” şeiri ilə şər qüvvələrin xalqlar arasında nifaq salmasını ifşa edir.
Nəsr yaradıcılığına “İki müztərib və ya əzab, vicdan” yarımçıq romanı ilə başlayan ədib “Məktub yetişmədi”, “Köç”, “Daşqın”, “İntiharmı, yaşamaqmı”, “Göbələk”, “Dursun”, “Əsrimizin qəhrəmanları” kimi gözəl nəsr örnəkləri yaradır.
1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətini böyük sevinclə qarşılayır. 1919-cu ildə Bakı Dövlət Universitetinin yaranması ilə bağlı düşüncələrinin yer aldığı “Tələbə həyatı” pyesini yazır. Sonra yarımçıq qalan “Əsrimizin qəhrəmanları” romanını tamamlayır. Müəllif müstəqillik arzularını dilə gətirir. Dövlətçiliyimiz üçün yeni milli kadrlar hazırlanması məsələsini önə çəkir. “Yeni ay doğarkən”, “Türk ədəmi mərkəziyyət Müsavata ithaf”, “Arazdan Turana” kimi şeirləri ədəbi mühitdə böyük səda doğurur. “Vətənin yanıq səsi” şeirində isə şair oğuzların hünəri, Altay türklərinin qəhrəmanlığından bəhs edir. “İki mücahid” və yaxud “Atı yaralı əsgər” şeirində I Dünya müharibəsinin yaraları, erməni daşnaklarının Azərbaycan torpaqlarındakı törətdiyi vəhşiliyi, Qarabağdakı fitnə-fəsadlarına diqqət yetirir.
28 aprel 1920-ci ildə bolşeviklər Azərbaycanı işğal edir və sovet hakimiyyəti qurulur. Bütün bunlara baxmayaraq, A.Şaiq xalqın gələcəyi üçün öz ədəbi-pedaqoji fəaliyyətini davam etdirir. Çalışdığı gimnaziya “Şaiq nümunə məktəbi” adlandırılır. Ədəbi yaradıcılıqdan qalmayan A.Şaiq “Vəzifə”, “Özü bilsin, mənə nə?”, “Anabacı”, “Əsəbi adam” kimi hekayələri və “Araz” inqilabi-tarixi romanını yazır. O həm də “Tənqid-təbliğ” teatrı üçün əsərlər qələmə alır.
Genişmiqyaslı maarifçilik işi aparan ziyalı uşaqlar üçün gözəl əsərlər yazmaqla qalmır, digər sənət dostlarını da bu işə cəlb edir. Onun “May nəğməsi”, “Top oyunu”, “Bənövşə”, “Qərənfil”, “Bülbül” kimi uşaq şeirləri, nağıl və poemaları bu gün də oxucular tərəfindən maraqla qarşılanır.
Ədəbiyyatşünas və folklorçu kimi də tanınan A.Şaiq klassik ədəbiyyatla bağlı bir sıra araşdırmalar aparıb. Azərbaycan ədəbiyyatının Xaqani, Nizami, Nəsimi, Füzuli, Xətai, Vaqif, Vidadi, Zakir, Mirzə Fətəli, Seyid Əzim, Sabir, Səhhət, Hadi, H.Cavid kimi ədiblərin yaradıcılığına işıq salıb.
Görkəmli ədib tərcümə sahəsində də uğur qazanıb. Böyük Nizami Gəncəvinin yaradıcılıq zirvəsi hesab edilən “İskəndərnamə” poemasının “Şərəfnamə” hissəsini dilimizə çevirib. O həmçinin Ə.Firdovsinin “Şahnamə” poemasından bir parçanı, V.Şekspirin “Maqbet”, C.Sviftin “Qulliverin səyahəti” əsərlərini, habelə Puşkin, Lermontov, Krılov, Qorki, Nekrasov və digər rus yazıçılarının bədii nümunələrini Azərbaycan dilinə çevirib.
Xidmətləri hökumət tərəfindən yüksək qiymətləndirilən A.Şaiq 1940-cı ildə “Əməkdar incəsənət xadimi” fəxri adına və dövrün bir sıra təltiflərinə layiq görülüb.
Ölkəmizdə uşaq və gənclər tərəfindən maraqla oxunan, sevilən və qəlblərdə heykəlləşən Abdulla Şaiq 24 iyul 1959-cu ildə Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn edilib.
Savalan Fərəcov