Azərbaycan Dövlət Akademik Musiqili Teatr İranda keçirilən 40-cı “Fəcr” Beynəlxalq Teatr Festivalında iştirak edir. Yaradıcı heyət 9-13 fevral tarixində qonşu ölkədə səfərdə olacaq.
Ənənəvi festivalda bir neçə dəfə ölkəmizi təmsil edən Akademik Musiqili Teatrı fevralın 11-də “Bir nəfəs qədər” (S.Qulamovun pyesi əsasında) musiqili dramını, 12-də isə “Utancaq qız” (F.Dostoyevski) monotamaşasını Tehranda nümayiş etdirəcək. Səhnə əsərlərinin hər biri iki dəfə göstəriləcək.
Rejissor Samir Qulamovun müəllifi olduğu pyes əsasında quruluş verdiyi “Bir nəfəs qədər” tamaşası Zəfər salnaməmizi qanları ilə yazan şəhidlərimizin əziz xatirəsinə ithaf olunub. Əsərin süjet xəttində Vətən müharibəsinin könüllü döyüşçülərindən biri olan Vətən adlı bir gəncin həyat hekayəsindən bəhs edilir.
Rus yazıçısı Fyodor Dostoyevskinin “Utancaq qız” fantastik povesti əsasında Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanan eyniadlı monotamaşada Əməkdar artist Şövqi Hüseynov çıxış edir. O, həmçinin əsəri Azərbaycan dilinə tərcümə edib.
Hər iki tamaşanın bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir. Qeyd edək ki, Akademik Musiqili Teatrın yaradıcı heyətindən savayı teatrın direktoru Ə.Lalayev də bir neçə dəfə münsiflər heyətinin üzvü və ekspert kimi “Fəcr” festivalında iştirak edib.