Fevralın 9-da Beynəlxalq Muğam Mərkəzində “Xarıbülbülün rəngləri” adlı tədbir keçirildi. Tədbir “Kaspi” uşaq musiqi və incəsənət məktəbi (“Kaspi” liseyləri nəzdində məktəb) və “Müasir Azərbaycan Psixoloqları“ İctimai Birliyi nəzdində “Xarıbülbül fidanları” könüllülər təşkilatının təşəbbüsü ilə reallaşdı.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşən tədbirdə şəhid övladlarının ebru sənəti (su üzərində rəsm) əsasında hazırladıqları əl işləri nümayiş olunurdu. On iki şəhid övladının 2 ay ərzində hazırladıqları Qarabağ ornamentlərindən ibarət sərgidə uşaqların təxəyyül və düşüncələrinin rənglərlə təsviri təqdim edildi. Azərbaycan bayrağı, azad Şuşa, digər tematik əl işləri uşaqların tariximizə olan marağından soraq verirdi.
Sərginin nümayişindən sonra “Kaspi” uşaq musiqi və incəsənət məktəbi şagirdlərinin konsert proqramı təqdim edildi.
Tədbirdən əvvəl Azərbaycan Respublikasının Dövlət himni səsləndi, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
“Müasir Psixoloji Dəstək” İctimai Birliyinin sədri Aida Nəbiyeva çıxış edərək uşaqların sənətə olan marağından söz açdı. Bildirdi ki, sərgilənən əsərlərin hər birinin vətənpərvərlik ruhunda olması şəhid övladlarının vətən sevgisini nümayiş etdirir. O, tədbirin keçirilməsində dəstək olan hər kəsə minnətdarlığını ifadə etdi.
“Kaspi” liseylərinin direktoru Məhəmməd Nağıyev şagirdlərə yaradıcı fəaliyyətlərində uğurlar arzuladı.
Konsert proqramı məktəbin xorunun ifasında “Ulu vətən” mahnısı ilə başladı. Rəngarəng nömrələrdə Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Vaqif Mustafazadə və Faiq Sücəddinovun əsərləri ilə yanaşı, Avropa bəstəkarlarının fortepiano və vokal əsərləri də səsləndi.
L.Azəri