Dirijor pultu arxasında Əyyub Quliyev, səhnədə Əvəz Abdullayev

 

30 yanvar – 22 fevral tarixlərində Kazan şəhərindəki M.Cəlil adına Tatarıstan Dövlət Akademik Opera və Balet Teatrında böyük rus müğənnisi Fyodor Şalyapinə həsr olunmuş 40-cı beynəlxalq opera festivalı keçirilir.

Festivalda ölkəmizi Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev və Almaniyanın Manhaym (Mannheim) şəhərinin Opera Teatrının solisti, Azərbaycanın Xalq artisti Əvəz Abdullayev (bariton) təmsil edirlər.

Builki festivalın proqramına 11 müxtəlif opera əsəri daxil edilib. C.Puççininin “Toska” operasının premyerası (rejissor Yuri Aleksandrov, rəssam Vyaçeslav Okunev) ilə açılan festivalın sonrakı günlərində P.Çaykovskinin “Qaratoxmaq qadın”, C.Verdinin “Traviata” və “Aida” operaları təqdim edilib. Proqramda həmçinin M.Musorqskinin “Boris Qodunov”, C.Rossininin “Sevilya bərbəri”, R.Leonkavallonun “Payatsı” operalarının nümayişi nəzərdə tutulub. R.Axiyarovun “Syumbike” operasına isə milli səhnə əsəri olaraq festival repertuarında xüsusi yer ayrılıb.

Festivalın əsas hadisələrindən olan C.Verdinin möhtəşəm “Aida” operası Əyyub Quliyevin dirijorluğu ilə böyük uğurla gerçəkləşib. Tamaşada əsas rolları dünyanın müxtəlif opera teatrlarında solist kimi fəaliyyət göstərən tanınmış müğənnilər təqdim ediblər. Oksana Kramareva (T.Şevçenko adına Ukrayna Milli Opera Teatrı), Larisa Andreyeva (K.Stanislavski adına Dövlət Opera Teatrı), Mixail Piroqov (Novosibirsk Dövlət Opera Teatrı), Əvəz Abdullayev (Manhaym Opera Teatrı), Mixail Kazakov (Rusiya Bolşoy Teatrı), Sergey Kovnir (T.Şevçenko adına Ukrayna Milli Opera Teatrı) və Gülnara Qatinanın (M.Cəlil adına Tatarıstan Dövlət Opera Teatrı) ifası dinləyicilər tərəfindən ayaq üstə alqışlanıb.

Qeyd etmək lazımdır ki, tamaşaya biletlər artıq festivalın ilk günləri ərzində operasevərlər tərəfindən əldə olunub.

Şalyapin Beynəlxalq Opera Festivalı Tatarıstan Dövlət Opera Teatrı ilə dirijor Əyyub Quliyevin ikinci əməkdaşlığıdır. 2021-ci ilin may ayında həmin teatrda Rudolf Nureyev Beynəlxalq Balet Festivalı çərçivəsində Mariinski Teatrı (Sankt-Peterburq) Primorsk səhnəsinin (Vladivostok) balet truppası tərəfindən dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “1001 gecə” baleti nümayiş olunmuşdu. Azərbaycanlı xoreoqraf Eldar Əliyevin quruluş verdiyi tamaşanı dirijor pultu arxasında Əyyub Quliyev idarə etmişdi.