2022-ci il təşkilat tərəfindən “Fikrət Əmirovu anma ili” elan edilib
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY fevralın 12-də Ukraynanın Dnepr şəhərində görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr olunmuş konsert proqramı keçirib.
TÜRKSOY və Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin (DVAK) təşkilatçılığı ilə gerçəkləşən konsertdə Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlovun dirijorluğu ilə Dnepropetrovsk Akademik Simfonik Orkestri çıxış edib.
Konsertdən əvvəl səhnəyə çıxan TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib ki, 2022-ci il təşkilat tərəfindən “Fikrət Əmirovu anma ili” elan edilib. İl ərzində təşkilata üzv ölkələrdə, eləcə də TÜRKSOY-un təşəbbüsü ilə müxtəlif şəhərlərdə böyük Azərbaycan bəstəkarına həsr olunmuş tədbirlər keçiriləcək. Bu qəbildən ilk tədbir Dneprdə reallaşır.
Tədbir iştirakçılarını salamlayan Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova qeyd edib ki, belə layihələrin həyata keçirilməsi ölkəmizlə, o cümlədən TÜRKSOY-a üzv olan dövlətlərlə Ukrayna arasında mədəni əlaqələrin yüksək olmasının göstəricisidir. Səfir bildirib ki, bu cür konsertlər Azərbaycan musiqisinin təbliğinə mühüm töhfədir. Diplomat vurğulayıb ki, Azərbaycanla Ukrayna arasında müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələr yüksələn xətlə inkişaf edir.
DVAK-ın sədri Nəcəf Əhmədov, Dnepr Şəhər Şurasının katibi Aleksandr Sanjara çıxışlarında Fikrət Əmirov yaradıcılığından söhbət açıblar və mədəni tədbirlərin ölkələr arasında sıx əməkdaşlıq yaratdığını vurğulayıblar.
Rəsmi hissədən sonra səhnə sənətçilərə verilib. Konsert proqramı orkestrin ifasında F.Əmirovun möhtəşəm “Azərbaycan kapriççiosu” ilə başlayıb.
Proqramda F.Əmirovun yaradıcılığından “Kor ərəbin mahnısı”, “Azərbaycan elləri”, “Nizami haqqında dastan” əsərləri də yer alıb. Həmçinin Ü.Hacıbəylinin N.Gəncəvinin sözlərinə yazdığı “Sevgili canan” romansı Azərbaycanın Əməkdar artisti, vokalçı İlham Nəzərovun ifasında səslənib.
Konsertin sonunda Düsen Kaseinov ifalarına görə sənətçilərə təşəkkürünü bildirib. Dirijor Yalçın Adıgözəlov, orkestr üzvləri və vokalcı İlham Nəzərova plaketlər təqdim edilib.
***
Qeyd edək ki, bir gün öncə, fevralın 11-də Ukraynanın Dnepr şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Ukrayna dilinə tərcümə olunmuş “Xəmsə”dən seçmələr kitabının və “Nizami Gəncəvini oxuyaq” bədii albomunun (ingilis dilində) təqdimat mərasimi keçirilib. “Xəmsə”dəki poemalardan nümunələrin toplandığı kitab Azərbaycanın Ukraynadakı Səfirliyi, bədii albom isə TÜRKSOY tərəfindən hazırlanaraq nəşr edilib.
Dnepr Texniki Milli Universitetinin nəzdində Ukrayna-Azərbaycan Mədəniyyət və iş mərkəzində gerçəkləşən tədbirdə TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, ölkəmizin Ukraynadakı səfiri Elmira Axundova, universitetin rektoru Oleksandr Azyukovski, DVAK-ın sədri Nəcəf Əhmədov çıxış ediblər.
Tədbir zamanı tanınmış azərbaycanlı heykəltəraş, Ukraynanın Xalq rəssamı Katib Məmmədova və Ukraynanın Taras Şevçenko adına Milli mükafatın laureatı, Azərbaycan əsilli Qriqori Hüseynova TÜRKSOY-un “Nizami Gəncəvi” xatirə medalı təqdim olunub.
Nizami Gəncəvi yaradıcılığı ilə bağlı esse müsabiqəsinin qalibləri DVAK tərəfindən mükafatlandırılıb.
Tədbirin bədii hissəsində tələbələr Nizaminin poeziyasından parçalar söyləyib, ukraynalı pianoçu Anna Akimenko və azərbaycanlı vokalçı İlham Nəzərov Ü.Hacıbəylinin Nizaminin sözlərinə yazdığı “Sənsiz” və “Sevgili canan” əsərlərini ifa ediblər.
Mehparə Sultanova
Ankara