44 günlük Vətən müharibəsində bizlərə Qələbə sevinci bəxş edən qəhrəmanlarımızı tanıtmaqda davam edirik. Bu yazıda şəhid əsgər Sabir Salahov haqqında söz açacağıq.

Sabir Hikmət oğlu Salahov 1999-cu il avqustun 15-də Salyan rayonunda anadan olub. İlk təhsilini Salyan şəhər 3 saylı tam orta məktəbində alıb. Sabir Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində Bakı Neft-Energetika Kollecinə daxil olur. Lakin təhsilini dayandırıb 2017-ci ildə hərbi xidmətə yollanır. 2019-cu ildə həqiqi hərbi xidmətini başa vursa da, şanlı formanı əynində yenidən daşımaq qərarı verir. Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Füzuli rayonunda xidmətini davam etdirir.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günlərində Sabir Salahov da döyüşlərdə iştirak edir. Füzuli rayonu uğrunda gedən şiddətli döyüşlərin birində snayper gülləsinə tuş gəlir. Döyüş yoldaşları Sabiri başqa yaralılarla birgə təxliyə edirlər. Bir neçə saat sonra o, yaralı olsa da, yenidən döyüşə atılır.

Şəhidin anası Sevgül Salahova qeyd edir ki, Vətən müharibəsi başlayandan bir gün sonra – sentyabrın 28-də Salyanda Sabirin şəhid olması ilə bağlı xəbər yayılır. Amma tezliklə bu xəbərin doğru olmadığı üzə çıxır. Məlum olur ki, Sabir döyüşlərdən birində öz formasını şəhid olmuş səngər yoldaşı Səyyadın üstünə örtərək döyüşlərə davam edir. Döyüş meydanından şəhidlərin nəşini götürərkən Səyyadın üstünə örtülən formada Sabirin ad-soyadını oxuyanlar elə biliblər ki, Sabir şəhid olub. Sabir Salahov oktyabrın 3-də düşmən tərəfindən açılan minomyot atəşi nəticəsində şəhadətə yüksəlir.

Sevgül xanım bildirir ki, Sabir uşaqlıqdan sakit təbiətli olub: “Ailədə iki qardaş olublar. Sabir ağıllı olmaqla yanaşı, həm də çox zəhmətkeş idi. Kiçik yaşlarından işləyib atasına kömək etmək istəyirdi... Müharibə zamanı Sabirlə yanaşı, qardaşı Vüsal da həqiqi hərbi xidmətdə olub: “Vüsal Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdi. Bir il idi ki, bir-birlərini görmürdülər. Vüsal hər gün evə zəng vuraraq Sabiri soruşurdu. Rabitəçi idi, ona görə də qardaşının şəhid olmağını bizdən qabaq öyrənmişdi. Sabirlə axırıncı danışığımızın birində “şəhid olacağam, ad çıxaracağam” dedi və sözünün üstündə durdu. Mən Sabirlə fəxr edirəm. O, əvvəllər təkcə mənim oğlum idisə, indi hamının oğludur. Mən də təkcə Sabirin yox, bütün şəhid oğullarının anasıyam”.

Sabir Salahov oktyabrın 6-da Salyan rayon Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin.

Nurəddin