Alıcılarla satıcılar öz aralarında razılığa gələcəklər

 

Xəbər verdiyimiz kimi, yanvarın 10-dan “Auction Baku” MMC-nin təşkilatçılığı, Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə incəsənət əsərlərinin onlayn auksionu keçirilirdi. 15 gün müddətində nəzərdə tutulan auksion sonradan 1 ayadək uzadıldı.

Ölkəmizdə mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətliliyi gücləndirmək, ölkənin iqtisadi inkişafında yaradıcı sənayenin rolunu artırmaq məqsədilə həyata keçirilən onlayn hərracda ümumilikdə 13 tablo  – Mikayıl Abdullayevin “Mənzərə”, Mahmud Rüstəmovun “Glamours genetics – 2”, Rəşad Cabbarovun “Pişiklə söhbət”, Fərman Qulamovun “Dəniz yaxınlığında”, Bəhruz Kuulun “Cənnətdən bir parça”, Səmədağa Cəfərovun “Ağ çiçəklər”, Namiq Məmmədovun “Dua”, Həmzə Abdullayevin “Liman”, Bəxtiyar Yusufovun “Acı bibər”, Əliabbas Kərimovun “Gəmi”, Mirazər Abdullayevin “Sirr”, İlham Mirzəyevin “Ana məhəbbəti” və Vüqar Əlinin “Nəğmə” əsərləri təqdim edilmişdi.

Dövlət Rəsm Qalereyasından bildirildi ki, hərraclar açıq və qapalı formatlarda reallaşır. Bir ay müddətində davam edən budəfəki hərrac alıcıların istəyi ilə qapalı və anonim keçirilib. Alıcılar bilavasitə satıcılarla əlaqələndirilib. Bundan sonrakı mərhələdə isə artıq alıcıların hansı əsəri almaları tərəflər arasında danışıq və razılaşmadan asılı olacaq...

Lalə