Ötən il milli təsviri sənətin görkəmli nümayəndəsi, Xalq rəssamı Mikayıl Abdullayevin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının icrası məqsədilə Mədəniyyət Nazirliyi bir sıra tədbirlər həyata keçirib.
22 dekabr 2021-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində açılan “Həyata sevgi ilə: Mikayıl Abdullayev” adlı sərgi də sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Mikayıl Abdullayevin 100 illik yubileyinə həsr olunmuş sərgidə sənətkarın zəngin yaradıcılıq irsi – Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyasından əsərlər nümayiş olunur. Xüsusi zövq və dizaynla hazırlanmış ekspozisiyada nümayiş olunan rəngkarlıq, qrafika nümunələri, tematik tablo, portret və mənzərə janrlarında əsərlər Mikayıl Abdullayevin rəngarəng sənət duyumunu əks etdirir.
Azərbaycan Milli İncəsənət Muzeyində “Həyata sevgi ilə: Mikayıl Abdullayev” sərgisi aprel ayının 30-dək davam edəcək.