Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və TÜRKSOY-un birgə dəstəyi ilə “Yed-i Velayet, 7 Vilayət” Beynəlxalq Qısa Filmlər Festivalı çərçivəsində Türk dünyasının şəxsiyyətləri ilə bağlı tematik ssenari müsabiqəsi elan olunub.

Festival “Əhli Sənət” Sinema və Mədəniyyət Dərnəyi tərəfindən “Bursa 2022 – Türk Dünyasının Mədəniyyət Paytaxtı” ili çərçivəsində gerçəkləşəcək. Müsabiqəyə Türk dünyasının yeddi görkəmli şəxsiyyətinin həyat və yaradıcılığından, əsərlərindən bəhs edən qısa film ssenariləri qəbul olunur.

Ssenarilər Azərbaycandan Hüseyn Cavid, Qazaxıstandan Əhməd Baytursun, Qırğızıstandan Çingiz Aytmatov və Toktobolot Abdumomunov, Özbəkistandan Abdulhəmid Süleyman Çolpan, Türkiyədən Süleyman Çələbi və Türkmənistandan Məhtumkulu Fəraqi ilə bağlı olmalıdır.

Müsabiqənin yekununda hər şəxsiyyətlə bağlı bir – ümumilikdə 7 ən yaxşı ssenari mükafatlandırılacaq. Birinci yeri tutan ssenarilərə 3000 TL pul mükafatı veriləcək və onların əsasında qısa filmlər çəkiləcək. Müsabiqəyə müxtəlif dillərdə və fərqli ölkələrdən müraciətlər www.7kisafilm.com və www.7shortfilms.com internet saytları üzərindən 1 may 2022-ci il tarixinə qədər qəbul edilir.

Mehparə Sultanova
Ankara