“Vinni Puh” ictimai sərvətə çevrilib

 

ABŞ-da müəlliflik hüququ haqında qanunvericiliyə əsasən, əsər yazıldığı vaxtdan 95 il ötdükdə avtomatik olaraq ictimai sərvətə çevrilir. Bununla bağlı hər ilin yanvarında bir sıra əsərlərin müəllif hüquqlarının dayandırıldığı elan edilir. 1926-cı ildə yaradılmış əsərlər 2022-ci ildə ictimaiyyətin ümumi mülkiyyətinə çevrilir.

Müəllif hüququ qanunu kitablara, filmlərə və musiqi əsərlərinə şamil edilir. Bu il uşaq ədəbiyyatının mühüm ədəbi nümunələrindən biri – Alan Milnin “Vinni Puh” hekayəsi də ictimai sərvətə çevrilib. Siyahıda, həmçinin Ernest Heminqueyin “Günəş də doğar” romanı, Aqata Kristinin “Rocer Ekroydun qətli”, Feliks Zaltenin “Bembi” və Vilyam Folknerin “Əsgər mükafatı” hekayələri yer alıb. İctimai sərvət hesab olunan əsərlərin tam siyahısı ilə Duke Universitetinin rəsmi saytında tanış olmaq olar.

Əsər müəlliflik hüququndan çıxdıqdan sonra hər kəs onu icazəsiz və ya əlavə pul xərcləmədən qanuni olaraq yenidən bölüşə və istifadə edə bilər. Məsələn, kitab əsasında film çəkmək olar.

Müəllif hüququ qanunu yalnız orijinala, həmçinin orijinal əsasında yaradılmış əsərlərə aiddir. Məsələn, Disney animatorları tərəfindən çəkilmiş “Vinni Puh” və “Donuz balası”nın şəkilləri şirkətin intellektual mülkiyyəti hesab olunur və icazəsiz istifadə edilə bilməz.