Xəbər verdiyimiz kimi, Xalq artisti, kinorejissor Vaqif Mustafayev “Həyat, deyəsən, gözəldir” (“Fəryad 2”) tammetrajlı bədii filmini çəkib. Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunan filmin çəkilişləri Xocavənd rayonunun Hadrut qəsəbəsində, Xızı rayonunda, Bakıda və Abşeronda aparılıb.

Filmdə erməni aşıq-şair Sayat Nova obrazını canlandıran tanınmış gürcü aktyor Aftandil Maxaradze çəkiliş prosesi və rol barədə danışıb. O, V.Mustafayevlə ilk birgə işinin “Nakəs” filmi (1991) olduğunu deyib: “Məni yeni filminə dəvət edəndə razılıq verdim. Çünki Vaqiflə işləmək həmişə xoşdur. Ona görə xoşdur ki, o, sizə həmişə yüksək sənət təklif edir. Bu səbəbdən də onunla işləmək maraqlıdır. Yəqin onun üçün də maraqlıdır ki, mən onunla bir neçə filmdə birgə işləmişəm. Sayat Nova obrazı barədə isə onu deyə bilərəm ki, o bir əfsanədir. Bu obrazı oynamaq mənim üçün çox maraqlıdır. Rejissor həmişə yaradır – bu filmi isə usta çəkir. Ona görə də tamaşaçılar bu filmə baxmalıdırlar. Yenidən dəvət olarsa, bir daha birlikdə işləməkdən məmnun olaram...”.

Qeyd edək ki, Aftandil Maxaradze rejissorun “Nakəs” və “Milli bomba” filmlərində baş qəhrəmanları oynayıb.

“Həyat, deyəsən, gözəldir” tammetrajlı bədii filmi erməni işğalçılarının 30 ilə yaxın müddətdə talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsində Zəfərimizdən bəhs edir. Azərbaycan Ordusunun hücumları nəticəsində ermənilər aciz qalıb təlaşa düşürlər. Əsir alınan erməni əsgərləri arasında iki qardaş da var. Onların sonrakı aqibəti tragikomik janrda olan ekran əsərində əksini tapıb.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Vaqif Mustafayev, təsvir rejissoru Orxan Abbasov, rəssamı Quram Navrozaşvili, geyim rəssamı Keti Kalandadze, bəstəkarı Tural Məmmədli, prodüseri Fariz Əhmədovdur. Əsas rollarda Hikmət Rəhimov, Sevinc Əliyeva, Nino Qomarteli, Dmitri Samxaradze, Giorgi Celiya və Aftandil Maxaradze çəkiliblər.

L.Azəri