Gəncə RMİ Gəncə şəhər MKS-nin 7 saylı kitabxana filialı Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar “Hərəyə bir kitab” adlı tədbir keçirib. Tədbirdə “14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü” adlı sərgi təşkil olunub. Sərgilənən kitablar sonda kitabsevərlərə hədiyyə edilib.

 

Sumqayıt RMİ Sumqayıt şəhər Q.Qarayev adına Uşaq musiqi məktəbinin şagirdi Ayla Pənahova (piano) Rumıniyanın paytaxtı Buxarestdə onlayn formatda təşkil olunan “Qış nağılı – 2022” adlı beynəlxalq müsabiqədə öz yaş kateqoriyasında 2-ci dərəcəli laureat adına layiq görülüb.

 

İsmayıllı RMİ Qəbələ rayon Mədəniyyət Mərkəzində uşaqların mədəni-estetik tərbiyəsi və onların mədəni tədbirlərdə iştirakının təmin edilməsi məqsədilə “Uşaq ruhunun zərafəti piano musiqisində” adlı musiqili proqram təqdim olunub. Tədbirdə Mədəniyyət Mərkəzində fəaliyyət göstərən musiqi dərnəyi üzvlərinin ifasında mahnılar səsləndirilib.

Şamaxı rayon Mədəniyyət Mərkəzi, Mirzə Ələkbər Sabirin Ev-Muzeyi və Şamaxı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizə sağlam həyatın təminatıdır” adlı tədbir keçirilib. Çıxış edənlər müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, ölkəmizdə bu sahədə görülən işlərdən danışıblar. Sonra narkomaniya bəlasının fəsadlarını özündə ehtiva edən “İbrət” adlı film nümayiş olunub.

 

Kürdəmir RMİ-nin rəisi Faiq Xudanlı Niyazi adına Beyləqan rayon Uşaq musiqi məktəbinin binasında aparılan əsaslı təmir işlərinin gedişi ilə tanış olub.

İmişli rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Sarıxanlı kənd Diyarşünaslıq klubunda Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə rejissor Vahid Musatafayevin 2012-ci ildə lentə aldığı “Xoca” filmi nümayiş olunub.

 

Ağstafa RMİ Ağstafa rayon MKS-nin Mərkəzi Kitabxanası görkəmli şair və dövlət xadimi Molla Pənah Vaqifin (1717-1797) anadan olmasının 305 illiyi münasibətilə “XVIII əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi – Molla Pənah Vaqif” adlı konfrans keçirib. Tədbirdə kitabxananın əməkdaşları Vaqifin şeirlərindən nümunələr səsləndiriblər.

Qazax rayon MKS-nin Mərkəzi Kitabxanası rayon Mədəniyyət Mərkəzinin qarşısında “Xocalı soyqırımını unutma!” adlı səyyar sərgi təşkil edib. Sərgidə insanlıq tarixinin bu qara səhifəsinə həsr olunan kitab və dövri nəşrlərdən ibarət materiallar nümayiş olunub.

 

Masallı RMİ Masallı rayon Heydər Əliyev Mərkəzində könüllülər üçün kompüter kurslarına başlanılıb. Mərkəzin könüllülərinin informasiya texnologiyaları sahəsində nəzəri biliklərini artırmaq, eləcə də onların kompüterdə sərbəst işləmək bacarıqlarını təkmilləşdirmək məqsədi daşıyan kursun ilk dərsi uğurla gerçəkləşib.

Yardımlı Tarix-Diyarşünaslıq Muzeyində muzeyin yaradılmasında böyük xidmətləri olmuş Əməkdar mədəniyyət işçisi Mirəziz Rəfiyevin (1922-2001) anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib. Çıxışlarda ziyalının ömür yoluna nəzər salınıb, muzeyin formalaşmasındakı xidmətləri vurğulanıb.

 

Saatlı rayonunda “Narkomaniyaya qarşı mübarizə sağlam həyatın təminatıdır” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Sabirabad RMİ Saatlı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sürayyə Zeynalova, Saatlı Gənclər evinin əməkdaşı Anar Səfərxanlı, Seyidlər kənd ümumi orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

 

Xaçmaz RMİ Xaçmaz rayon MKS-nin Padar kənd kitabxana filialı nasir, şair, tərcüməçi Vidadi Babanlının 95 illiyi ilə əlaqədar “Həyatın özünü yazan nasir” mövzusunda tədbir keçirib. Çıxış edənlər ədibin həyat və yaradıcılığı haqqında məlumat veriblər.

Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları tərəfindən rayonun Əzizəddin Tahirov adına tam orta məktəbinin 8-ci sinif şagirdləri üçün “Xocalı qətliamı” mövzusunda dərs keçilib. Məktəblilərə erməni silahlı dəstələrinin 30 il öncə fevralın 26-na keçən gecə əliyalın Xocalı sakinlərinə qarşı həyata keçirdikləri soyqırımı barədə məlumat verilib.

Hazırladı: N.Məmmədli̇