Attestasiya Komissiyasının növbəti iclası keçirilib
   
   İyulun 11-də Azərbaycan Turizm İnstitutunun nəzdində yaradılmış Milli Təlim Mərkəzinin təşkil etdiyi bələdçi kurslarının dinləyicilərinə müvafiq sənədin verilməsi ilə bağlı Bələdçilərin Dövlət Attestasiyası Komissiyasının növbəti toplantısı keçirilib.
   
   ATİ-nin prorektoru Eldar Aslanovun qəzetimizə verdiyi məlumata görə, toplantıda kursu bitirən dinləyicilərin verəcəyi imtahanın forması müzakirə edilib. Qərara alınıb ki, imtahanlar üç mərhələdə keçirilsin: «Birinci mərhələ iyulun 15-də baş tutacaq. Dinləyicilər 120 saatlıq dərs proqramına uyğun olaraq hazırlanan testlərin suallarını cavablandıracaqlar. Suallar bələdçi bilikləri, Azərbaycanın tarixi, turizm coğrafiyası, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, memarlığı, tətbiqi sənəti, arxeologiyası, dinlər tarixi, etnoqrafiya, ilkin tibbi yardımı və s. mövzuları əhatə edir. Test imtahanından 30 balı toplayan dinləyicilər ikinci mərhələyə buraxılacaq. Bu mərhələdə onlar şifahi imtahan verəcəklər. İmtahan zamanı kursun dinləyiciləri sualların bəzilərini bələdçilik edəcəkləri xarici dildə cavablandıracaqlar. İmtahanların sonuncu mərhələsi iyul ayının 20-də Bakı şəhəri üzrə icmal-ekskursiya şəklində baş tutacaq. Dinləyicilər əvvəlcədən komissiya üzvləri tərəfindən tərtib edilmiş mətnlərin üzərindən ekskursiya edəcəklər. İmtahanların bu mərhələsi gələcəyin bələdçilərinin bu işə nə qədər hazır olub-olmadığını göstərəcək. Bu mərhələdə qiymətləndirmə 40 ballıq sistem üzrə olacaq. Ümumilikdə isə kurs iştirakçıları cəmi 100 baldan 51 bal toplamalıdırlar ki, kursları keçmiş sayılsınlar. Bundan sonra onlara müvafiq döş nişanı və şəhadətnamə təqdim olunacaq».
   E.Aslanov bələdçi kurslarının 3 ay davam etdiyini və iştirakçıların 82 saat nəzəri dərslərdə, 42 saat isə təcrübə müddətində olduqlarını bildirdi: «Bakı Turizm İnformasiya Mərkəzinin dəstəyi ilə Bakı və Bakıətrafı ekskursiya turlarının reallaşdırıldığı məkanlara turlar təşkil olundu. Bələdçi kurslarının iştirakçıları həmin turlarda təcrübə keçdilər. Bu işə təcrübəli bələdçi Əlixan Mürvətov rəhbərlik edirdi. Dinləyicilər Qobustan, Yanardağ, Qala Etnoqrafik Muzeyinə, Mərdəkan Dendrari Parkına, Atəşgaha, İçərişəhərə, muzeylərə təşkil edilən ekskursiyalarda, gündəlik şəhər turlarında özlərini bələdçi kimi sınadılar. Bu kursun 16 nəfər dinləyicisi var. Bunlardan 4-ü iki xarici dil üzrə - ingilis və rus dilləri, digərləri isə bir xarici dil üzrə kursları keçiblər. Onlar ingilis, fransız, alman və ərəb dilli bələdçilərdir».
   Bələdçi kursunun dinləyiciləri müstəqil Azərbaycanın tarixində ilk rəsmi bələdçilər kimi fəaliyyətə başlayacaqlar. Həmsöhbətimiz bir məqamı da qeyd etdi ki, Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsi tərəfindən turizm şirkətlərinə, hotellərə, istirahət mərkəzlərinə, muzeylərə, qoruqlara bələdçilik fəaliyyəti ilə məşğul olan əməkdaşları haqqında məlumatları Attestasiya Komissiyasına təqdim etmələri barədə məktub göndərilib. Onlar kurslara cəlb edilmədən birbaşa attestasiyadan keçiriləcəklər. Məqsəd «Turizm ili»nin sonuna qədər Bakı şəhərində yerləşən turizm obyektlərində bələdçi fəaliyyəti ilə məşğul olan insanları attestasiyadan keçirib müvafiq sertifikatla təmin etməkdir.
   
   Atüstü turizm marşrutları üzrə bələdçilər hazırlanacaq
   
   Azərbaycan Turizm İnstitutu Respublika Atçılıq Mərkəzinin nəzdində atüstü turizm marşrutları üzrə bələdçilərin hazırlanmasına başlayacaq. Bununla bağlı məsələ Bələdçilərin Dövlət Attestasiyası Komissiyasının toplantısında müzakirə olunub.
   ATİ-nin prorektoru Eldar Aslanovun sözlərinə görə, toplantıda bələdçilərin hazırlıq kurslarının keçirilməsi üçün Respublika Atçılıq Mərkəzinin nəzdində milli təlim mərkəzinin yaradılması haqqında təkliflər səslənib. Kurslara atüstü turizm marşrutları üçün potensialı olan rayonlarda, birinci növbədə isə Şəkidə idman, tarix, coğrafiya müəllimlərinin öz istəyinə uyğun olaraq cəlb edilməsi nəzərdə tutulur. Bu zaman onların at minmək bacarıqları və təmsil etdikləri rayon haqqında bilikləri nəzərə alınacaq.
   
   Fəxriyyə