Lənkəran Dövlət Dram Teatrının truppası fevralın 18-də Lerikdə qastrol səfərində olub. Yaradıcı heyət rayon Mədəniyyət Mərkəzinin səhnəsində Cəfər Cabbarlının “Vəfalı Səriyyə və yaxud göz yaşı içində gülüş” tamaşası ilə sənətsevərlər qarşısında çıxış edib.
Tamaşadan öncə teatrın direktoru Tofiq Heydərov səhnəyə çıxaraq lerikli tamaşaçılarla Lənkəran sənətçilərinin hər görüşünün qarşılıqlı xoş duyğular oyatdığını xüsusi qeyd edib. Bildirib ki, bugünkü görüş bir də onunla əlamətdardır ki, qarşıdan 10 mart – Milli Teatr Günü gəlir: “Mədəniyyət Nazirliyinin tapşırığı ilə biz bu əlamətdar hadisə münasibətilə tədbirlər planı müəyyənləşdirmişik. Sizinlə yaradıcı görüşümüz də bu qəbildəndir...”.
Xalq artisti, Prezident təqaüdçüsü Qabil Quliyev lerikli tamaşaçılara teatr sənətinə göstərdikləri diqqətə görə minnətdarlığını çatdıraraq onları bundan sonra da hər görüşdə maraqlı səhnə əsərləri ilə sevindirəcəklərini deyib.
Sonra tamaşa nümayiş olunub. Lerikli tamaşaçıların böyük maraqla izlədikləri səhnə əsərinə Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov quruluş verib. Rolları Aynur Əhmədova (Səriyyə), Səyyad Əliyev (Rüstəm), Xalq artisti Qabil Quliyev (Həmzə), Əməkdar artist Sucəddin Mirzəyev (Səfər), Qızılgül Quliyeva (Çimnaz), Əbülfəz Axundov (Axund), Tərlan Abdullayev (Məhərrəm), Emin Fərzullayev (Qurban), Miraslan Ağayev (Molla Möhsün) və Təranə Fərəcova (Hüsniyyə) ifa ediblər.