Banqladeşin Fransadakı Səfirliyi və UNESCO Katibliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Günü virtual tədbirlə qeyd edilib. Ölkəmizin UNESCO yanında Daimi Nümayəndəliyi tədbirdə “Şuşa İli” çərçivəsində Azərbaycan dili ilə bağlı videotəqdimatla iştirak edib.

Ana Dili Günü virtual tədbirində UNESCO-ya üzv 24 ölkə iştirak edib. Baş direktorun təhsil üzrə müavini Stefania Cianni çıxış edərək, ana dili haqqında, təhsil və bu gün COVID-19 pandemiyasının təhsilə mənfi təsirlərindən söz açıb. Sonra ölkələrin Ana Dili Günü münasibətilə hazırladıqları videolar yayımlanıb.

Daimi nümayəndəliyimizin hazırladığı videotəqdimatda 2021-ci ildə yenidən təşkil edilmiş “Xarıbülbül” musiqi festivalı çərçivəsində gənc istedadlı musiqiçimizin ifasında UNESCO-nun siyahısında yar alan Azərbaycan muğamın “Bayatı –Şiraz” dəstgahı təqdim olunub. Virtual tədbirdə Azərbaycanın musiqi beşiyi, mədəniyyət paytaxtı –Şuşada, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalında səsləndirilmiş “Qarabağ şikəstəsi” yayımlanıb.

Daimi nümayəndəliyin əməkdaşı Nigar Qurbanova Azərbaycan dili, tarixi və dilimizin inkişafı haqqında məlumat verib. Ana dilinin mədəniyyətin və özünəməxsusluğun ayrılmaz tərkib hissəsi, eləcə də dəyər və biliyin daşıyıcısı olduğunu qeyd edib. Ana dilinin həyatımızı zənginləşdirən adət-ənənələrin, ifadələrin, nəğmələrin qorunub saxlanması və ötürülməsi üçün həyati əhəmiyyət kəsb etdiyini deyib. Bu gün dünyada 50 milyondan çox insanın Azərbaycan dilində danışdığını bildirib. Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olduğunu diqqətə çatdırıb.

Vurğulayıb ki, tarixi İpək Yolunun mərkəzində, Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən Azərbaycan müxtəlif mədəniyyətlərin və dinlərin qaynayıb-qarışdığı məkandır. Uzun müddət davam edən bu mədəni və dini müxtəliflik Azərbaycanın müxtəlif mədəniyyətlərin və dinlərin dinc yanaşı yaşaması və harmoniyası modelini formalaşdırıb. Azərbaycanda bütün millətlərin, etnik azlıqların və qrupların nümayəndələri bir ailə, qarşılıqlı anlaşma çərçivəsində informasiya mühiti formalaşdırırlar.

Ana Dili Gününə həsr olunmuş tədbirdə görkəmli Azərbaycan şairi Səməd Vurğunun “Azərbaycan” poemasından bir parça söyləyib:

Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan.
Axşamüstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi...

Daimi nümayəndəliyin Beynəlxalq Ana Dili Gününə həsr olunmuş, üzərində Səməd Vurğunun “Azərbaycan” poemasından, eləcə də Azərbaycan dili haqqında mühüm məlumatlar plakatlar nümayiş olunub. Milli musiqimiz səsləndirilib.