Azərbaycanın mədəniyyət ictimaiyyətinə ağır itki üz verib. Tanınmış qoboy ifaçısı, Xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli Kamil Cəlil oğlu Cəlilov fevralın 23-də,  ömrünün 84-cü ilində vəfat edib.

Kamil Cəlilov 29 yanvar 1938-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan milli ifaçılıq məktəbinin istedadlı nümayəndəsi, özünəməxsus üslubu ilə fərqlənən mahir qoboy ifaçısı olub.

Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) bitirdikdən sonra əmək fəaliyyətinə başlayan sənətçi istedadı və zəhmətsevərliyi sayəsində xalq musiqi incilərini dərindən öyrənib və 40 il ərzində öz ifaçılıq məharəti ilə milli musiqimizi zənginləşdirib.

İstedadlı musiqiçi 1968-ci ildən başlayaraq uzun illər görkəmli pianoçu, Əməkdar incəsənət xadimi Gülarə Əliyevanın yaratdığı “Dan ulduzu” ansamblının solisti olub. Kamil Cəlilov bu kollektivlə birgə Almaniya, Avstriya, Türkiyə, Hindistan, İordaniya, Əlcəzair, Mərakeş, Norveç, İran, İsrail və digər ölkələrdə milli musiqi sənətimizi təmsil və təbliğ edib.

Uzun illər İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyətlə də məşğul olan Kamil Cəlilov milli ifaçılıq məktəbinin yüksək ənənələri əsasında səy və bacarığını gənc ifaçıların yetişdirilməsinə sərf edib.

Kamil Cəlilov milli mədəniyyətimizin inkişafında xidmətlərinə görə dövlət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunub, Əməkdar artist, “Xalq artisti” fəxri adlarına, Prezident təqaüdünə layiq görülüb. 2013-cü ildə “Şöhrət”, 2018-ci ildə “Şərəf” ordenləri ilə təltif olunub.

Kamil Cəlilovun əziz xatirəsi sənətsevərlərin, həmkarlarının və doğmalarının qəlbində əbədi yaşayacaq.

Allah rəhmət eləsin.

***

Xalq artisti Kamil Cəlilov fevralın 23-də Bakıda, II Fəxri xiyabanda dəfn olunub. Vida mərasimində mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Musiqi sektorunun müdiri Vüqar Hümbətov mərhumun ailəsinə, yaxınlarına və sənət dostlarına nazirlik adından başsağlığı verib.

Sənətkarın məzarı üzərinə Mədəniyyət Nazirliyi adından əklil qoyulub.