Şəhidlər, Vətəni uğrunda canından keçənlər hər birimizin and yeri, ehtiram ünvanıdır. Bu, sadəcə, söz, təsirli ibarə deyil və zaman ötdükcə – havadan barıt qoxusu, divarlardan mərmi izləri, torpaqdan gənc ömürlərə vədəsiz ünvan olmağın ağırlığı çəkilsə də, qəlblərdə, yaddaşlarda yeri əbədi qalır.
“İgid ölər, adı qalar” – bu el məsəlində həm xalqın igidlik nümunələri, həm də ona olan əzəmətli münasibət əksini tapıb. Zaman-zaman torpaq üzərində yetişən igidlər Vətənin dar məqamında onun haqqını qan tökərək, can verərək müdafiə edib və qoynunda əbədi cənnət müjdəli məqama – şəhidliyə ucalıblar.
İkinci Qarabağ müharibəsi, 44 günlük Vətən savaşımızda qazanılan tarixi Zəfərdə 44 yaşlı şəhid polkovnik-leytenant Əfqan Abdurahmanovun da payı var...
Fevralın 21-də şəhidin məzunu olduğu təhsil ocağında – Bakının Binəqədi rayonundakı 30 saylı tam orta məktəbdə xatirə gecəsi keçirildi.
Həyat yoldaşı Rəqiyyə xanım, övladları Hilalə və Əlibəy, eləcə də müəllimləri, sinif yoldaşları Əfqanlı günlərə qayıdıb, onun xəyallarını, arzu və istəklərini xatirələrinin yaddaş kitabından sözə çevirib dilə gətirdilər.
Məzunu ilə qürur duyan məktəbin şərəf lövhəsində, şəhidləri sırasında onun da adı, şəkli var. Xatirə tədbiri də həmin lövhənin önündə başlandı.
Qonaqlara Birinci və İkinci Qarabağ müharibələrində şəhadətə ucalan məzunlar barədə məlumat verən məktəbin direktoru Rübabə Abdullayeva onların xatirəsini daim ehtiramla yad etdiklərini dedi. Direktor məktəbdəki 32 sinfin hər birinin bir şəhidin adı ilə bağlı olduğunu və bu yolla onların xatirəsini uşaq və yeniyetmələrin yaddaşına köçürməyə çalışdıqlarını bildirdi.
Sonra tədbir məktəbin akt zalında davam etdi. Dövlət himninin səslənməsi ilə başlanan mərasimdə bədii kompozisiya təqdim olundu. Məktəblilərin ifasında şeirlər və vətənpərvərlik mövzusunda hikmətli kəlamlar səsləndirildi.
Şəhidin ömür yoluna nəzər salan videoçarx nümayiş olundu. Burada məktəbə ilk qədəm qoyduğu andan şəhadətə ucaldığı günədək çəkilən fotoları yer almışdı.
Çıxışlarda onun vətəninə sonsuz məhəbbətindən, mübarizliyindən, peşəkar zabit kimi hərb sənətini mükəmməl bilməsindən söz açııldı.
Sonda şəhidin xanımı tədbirin təşkilinə görə məktəb kollektivinə təşəkkür etdi, belə anım tədbirlərinin onlara təsəlli olduğunu dedi.
Xatırladaq ki, Əfqan Abdurahmanov 1976-cı il mayın 25-də Bakı şəhərində anadan olub. Binəqədi rayonundakı V. Əzizov adına 30 nömrəli tam orta məktəbdə təhsil alıb. 1995-1997-ci illərdə hərbi xidmətdə olub. Sonra ali hərbi təhsil alıb. 2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısı olmuş Əfqan Abdurahmanov Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azad edilməsində şücaət göstərib. Oktyabrın 10-da bu istiqamətdə döyüşdə şəhid olub.
Ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilən Ə.Abdurahmanov “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə də təltif edilib.
Həmidə Nizamiqızı