Şənbə günümün bir hissəsini paytaxtın mərkəzindən nisbətən kənarda – Qaraçuxur qəsəbəsində keçirdim. Səbəbi isə qəsəbədəki Qurban Abbasov adına Mədəniyyət evində müvəqqəti mənzillənən Bakı Uşaq və Gənclər Teatrının yeni tamaşasına baxmaq idi.
Mədəniyyət evinə isə tamaşaçıların, avtobusda yol yoldaşım olan uşaqların müşayiətində getdim. Sevinən balacalar bir-birilərinə “təzə teatrdı (yəni tamaşadır) xəbərini verir, “Yeni ildə gəlmişdim, nə qədər güldüm”, “o döyül, təzəsidi, yalan danışma” kimi didişmələri edirdilər. Yəqin bununla kimin daha çox teatral olduğunu göstərmək istəyirdilər.
Mübahisəyə aralarındakı nisbətən qıvraq sarışın oğlanın ucadan “Eh, Kərim, deyirəm, görəsən, yenə hədiyyə verəcəklər?” sualı son qoydu. Dostlarının onun hədiyyə arzularını gülüşləri ilə puç etməsi Kərimin kefini pozdu, üzünü pəncərəyə tutub mısmırığını salladı. Nəhayət, arxa oturacaqdakı qadın (müəllimələri) səs-səsə verən uşaqların eşidəcəyi səslə “Çatdıq, tökülün aşağı” əmrini verdi.
Teatra gedən yolun sağındakı parka can atan uşaqlardan birinin israrına “Teatra gedirik, park həmişə var” cavabını verən müəllimə binanın girişinə çatan kimi yenidən uca səslə uşaqları sayıb sıra ilə içəri ötürdü.
Mənzərə ürəkaçandır, premyeranın sorağı ilə xeyli uşaq gəlib. Zala daha tez daxil olub, səhnəyə daha yaxın sırada oturmaq üçün ərköyünlük edən balaca teatrsevər uşaqları izləmək maraqlı idi. Deməli, teatra maraq var, sadəcə, onu təşviq etmək lazımdır. Təbii ki, konkret olaraq Bakı Uşaq və Gənclər Teatrına gəlincə, teatrın bədii rəhbəri və direktoru, Əməkdar artist İntiqam Soltanın bu istiqamətdə səyləri və əziyyətini də xüsusi qeyd etməliyik.
...Uşaqların yolboyu və foyedəki həyəcanı zala da daşındı və İntiqam Soltanlının səhnəyə çıxması ilə daha da qızışdı. Onun maraqlı, əyləncəli və bir az da maarifləndirici suallarına qışqıra-qışqıra cavab verən balacalar (bəzilərinin valideynləri də onlardan az canfəşanlıq etmirdi) tamaşanın başlanması ilə sakitləşdilər.
Pərdələr açıldı və səhnənin ortasındakı çarpayıda xoruldayan Ayının macəraları başlandı.
Müxtəlif mövzulu nağıllar yazan Vüqar Haqverdiyevin əsəri əsasında aşağı yaş qrupu (4-9) uşaqlar üçün hazırlanmış “Qarınqulu ayı”nın əsas ideyası dostluq, dürüstlük, səmimiyyət və qayğıkeşlikdir.
Anasının evdə olmamağını fürsət bilib soyuducuda olan bütün dondurmaları yeyən ayı balasının boğazı ağrıyır. Tez sağalması və anasının bundan xəbər tutmaması üçün köməyə dostları ilan, tısbağa və dovşanı çağırır. Hərəsi də ona bir tövsiyə edirlər. Sonda həkim çağırmağa qərar verirlər və dostlarını sağaldırlar.
Uşaqlara valideynləri dinləməyi, səmimi dost olmağı, təbiəti qorumağı, heyvanları sevməyi öyrədən birhissəli tamaşa rəngarəng səhnə tərtibatı, ritmik musiqisi ilə də diqqəti cəlb edə bildi.
Məlumat üçün deyim ki, tamaşanın rejissoru Əməkdar artist İntiqam Soltan, rəssamı Sevda Məmmədova, bəstəkarı Yusif Rüstəmovdur. Rolları Sənan Fərzəliyev, Qurban Əhmədov, Könül Şahbazova, Türkan Şahmarlı, Gülnar Əlizadə, Aytən Səfərova, Niyaz Novruzov, Röyal Allahverdiyev, Toğrul İsabəyli, Emin Balayev və Orxan Məmmədov ifa edirlər.
Həmidə