Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi martın 1-dən 18-dək Bakıda “FantazEU” adlı mədəni irs festivalı keçirəcək. Nümayəndəliyin rəhbəri Peter Mixalko və Avropa İttifaqı (Aİ) ölkələri diplomatlarının iştirakı ilə fevralın 22-də Beynəlxalq Muğam Mərkəzində keçirilən mətbuat konfransında festivalın proqramı barədə məlumat verilib.
Qeyd olunub ki, artıq ənənə halını alan festival Avropa və Azərbaycan mədəni irsi arasında əlaqəni nümayiş etdirmək, Azərbaycanda Avropa mədəni irsinə diqqət yetirməklə, mədəni müxtəlifliyi təşviq etmək məqsədi daşıyır. Festival bu il Almaniya, Belçika, Bolqarıstan, Çexiya, Fransa, İsveç, Latviya, Litva, Macarıstan, Polşa, Slovakiya və Yunanıstanın iştirakı ilə təşkil olunacaq.
“Mədəni müxtəliflik həm də innovasiya və yeni düşüncə tərzini inkişaf etdirir. Məhz mədəni müxtəliflik sayəsində Avropa əsrlər boyu dəyişən dünyaya uyğunlaşa bilib. Buna görə də Aİ və onun üzv dövlətləri mədəni müxtəlifliyi dəstəkləmək və qorumaq öhdəliyinə sadiqdirlər. “FantazEU” festivalı Azərbaycan vətəndaşlarına yaradıcılıq və mədəni müxtəliflik nümayiş etdirmək üçün imkan yaradacaq. Bu, həmçinin Aİ ilə Azərbaycan arasında tərəfdaşlığın daha da inkişafına töhfədir”, – deyə Peter Mixalko bildirib.
Vurğulanıb ki, festival mədəniyyət və kreativliyin nümayişi üçün gözəl ideyadır, müxtəliflik Azərbaycan mədəniyyətinin inkişafı baxımından da önəmlidir. Tədbirin proqramıda seminarların, konsertlərin, film nümayişlərinin daxil edildiyini diqqətə çatdıran Peter Mixalko deyib ki, tamaşaçılar bu festival vasitəsilə Azərbaycan və Avropanın bir sıra bənzərliklərinin şahidi olacaqlar: “İnanıram ki, festival sayəsində insanlarımız və xalqlarımız bir-birini daha yaxından tanıyacaq”.
Litva səfiri Egidiyus Naviskas bildirib ki, pandemiya ilə bağlı ikiillik fasilədən sonra festival, nəhayət, adi formatda keçiriləcək. Festival çərçivəsində litvalı rəssamın əsərlərindən ibarət sərgi açılacaq.
Latviya səfirinin müavini Viya Buşa deyib ki, festivalda ölkəsinin tarixi barədə film nümayiş olunacaq, latviyalı fotoqrafın çəkdiyi şəkillər nümayiş olunacaq.
Fransa səfirinin mədəniyyət müşaviri Jerome Kelle ölkəsinin festivalda filmlərlə təmsil olunacağını diqqətə çatdırıb.
Macarıstan səfirliyinin mədəniyyət və təhsil üzrə əməkdaşı Mixali Qruber bildirib ki, İçərişəhərdə macar memarlıq abidələri ilə bağlı sərgi nümayiş olunacaq.
“FantazEU” 2018-ci ildən Aİ-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən təşkil edilən “Fantazia” mədəni irs festivalının davamıdır. Festival öz adını XIX əsrin sonlarında Bakıda tikilmiş, Avropa və yerli memarlıq elementlərini bir araya gətirən “Fantazia” hamamından alıb.
Tədbirlər Beynəlxalq Muğam Mərkəzi, ADA Universiteti, Nizami Kino Mərkəzi, Bakı Kitab Mərkəzi, “Art Tower” qalereyası və digər məkanlarda baş tutacaq.