Lənkəran RMİ-nin təşkilatçılığı ilə ölkəmizin cənub bölgəsində fəaliyyət göstərən sənətkarların bir qrupu ilə görüş keçirilib. Tədbirdə Astara, Lənkəran və Lerik rayonlarının həsirçilik, xalçaçılıq, keramika, heykəltəraşlıq, dəmirçilik, dulusçuluq, miniatür xalçaçılıq, taxta oyma sənəti və digər sahələri təmsil edən 40-dan çox sənətkar iştirak edib.
İdarənin rəisi Şahin Şahbazov çıxış edərək görüşü təşkil etməkdə əsas məqsədin cənub bölgəsində sənətkarlıq sahələrinin inkişafına dəstək olmaq, müntəzəm olaraq sərgilər keçirmək, bu sahədə təbliğatı genişləndirmək və sənətkarlıq nümunələrinin ölkə daxilində satışına kömək göstərmək olduğunu söyləyib. Bildirilib ki, bu istiqamətdə araşdırmalar aparılıb və cənub regionunda fəaliyyət göstərən sənətkarların elektron məlumat bazası yaradılıb. Qarşıdakı aylarda bölgədə sərgi-yarmarka təşkil ediləcək və hər bir sənətkara öz əl işlərini, sənətkarlıq nümunələrini nümayiş etdirməyə şərait yaradılacaq.
Görüşdə sənətkarları maraqlandıran suallar cavablandırılıb, onların əl işlərinə baxış keçirilib.