Türkiyədə yaşayan soydaşımızın Xocalı sərgisi

 

Fevralın 24-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) Muzey-sərgi kompleksində tanınmış rəssam, Türkiyədə yaşayan və hazırda bu təhsil ocağında müəllim kimi çalışan Ədalət Qaranın (Adalet Kara) Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş “Xəyallarımın arxasında” adlı fərdi sərgisinin açılışı keçirildi.

Tədbirdə Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, ADRA-nın prorektoru, Xalq rəssamı Səlhab Məmmədov, Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev çıxış edərək sərgi və müəllifin yaradıcılığı ilə bağlı düşüncələrini bölüşdülər.

Diqqətə çatdırıldı ki, rəssam çağdaş Azərbaycan təsviri sənətində özünəməxsus dəst-xəttə malik fırça ustalarından biridir. Onun əsərləri yerli və xarici ölkələrdə muzey və şəxsi kolleksiyaları bəzəyir.

Bildirildi ki, Adalet Kara Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra Ukraynada – Kiyev Rəssamlıq Akademiyasında və Lvov Milli İncəsənət Akademiyasında rəngkarlıq, keramika və heykəltəraşlıq üzrə təhsil alıb. 1979-cu ildə Lvov şəhərində keçirilən “Qırmızı payız” rəsm sərgisində baş mükafata layiq görülüb. 1995-ci ildə İsveçrədə keçirilən “Dünyanın 200 seçilən rəssamı” adlı sərgidə iştirak edib, adı dünya rəssamları kataloqunda yer alıb. 1996-cı ildə UNESCO Dünya Sənətkarlar Birliyinə üzv qəbul edilib. 1997-ci ildən Türkiyədə yaşayıb fəaliyyət göstərən rəssamın 2008-ci ildə Ayasofya Muzeyində “100 tablo” adlı sərgisi keçirilib.

Rəssam çıxış edərək sərginin təşkilinə və sənəti haqqında söylənilən dəyərli fikirlərə görə təşəkkürünü bildirdi.

Sonra qonaqlar sərgi ilə tanış oldular. Sərgidə rəssamın Xocalı mövzusunda 70 əsəri nümayiş olunur. Tablolar bu bəşəri faciənin mahiyyətini gələcək nəsillərə çatdırmaq baxımından qiymətli sənət nümunələridir.

Lalə