“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu ilə birgə Xocalı soyqırımına həsr olunan “Söz yaddaşındakı Xocalı” adlı tədbir keçirib.
“Söz” ədəbi layihəsinin rəhbəri, şairə Nigar Həsənzadə tərəfindən təqdim edilən xatirə axşamında İkinci Qarabağ müharibəsi veteranları, işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsində medallara təltif edilən gənc şairlər Cavid Əli, Nicat Ağayev, Həsən Kür və Kərəm Aydın Xocalıya həsr etdikləri şeirlərini söyləyiblər.
Xocalı faciəsinin şahidləri Əsəd Fərəcov, Valeh Hüseynov və Dürdanə Ağayevanın qətliam gecəsi yaşadıqları, daha sonra əsir düşərək erməni vəhşiliyinin qurbanlarına çevrildikləri, günahsız mülki əhaliyə qarşı işğalçının insanlığa sığmayan qəddarlığı barədə çətin və ağrılı xatirələrini bölüşüblər.
ABŞ-ın Delaver Universitetinin Qlobal Araşdırmalar Mərkəzinin eksperti Aleksandr Selimov, İsraildən Xocalı faciəsinə həsr etdiyi “Ağrı” romanının müəllifi Arye Qut, Fransadan “Xocalı 613” simfonik poemasının müəllifi Pier Tiloy videomüraciətlərində dünya ictimaiyyətini “Xocalıya ədalət!” kampaniyasına qoşulmağa və bu qətliamı tanımağa çağırıblar.
Bədii hissədə Böyük Britaniyada yaşayan həmvətənimiz, tanınmış skripka ifaçısı Səbinə Rakçeyeva və Respublika İncəsənət Gimnaziyasının muğam triosu Xocalı faciəsinin qurbanlarına musiqili ithafla çıxış ediblər. Əməkdar artist Gülzar Qurbanova Rəsul Rzanın “Mən, istəyirəm” şeirini söyləyərək, Azərbaycan xalqının ağrılı tarixinə baxmayaraq sülhpərvər və humanist dəyərlər üzərində kökləndiyini vurğulayıb.
Sonda “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təsisçisi Ədibə Paşayeva İkinci Qarabağ müharibəsi veteranlarına “Ədibin Evi” və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi adından xatirə hədiyyələri təqdim edib.