Xalqımız artıq ikinci ildir Xocalı soyqırımı abidəsini Zəfər ruhu ilə ziyarət edir


XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 30-cu ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda ümumxalq yürüşü keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yürüşdə iştirak ediblər.

Yürüş iştirakçıları Xətai rayonunda ucaldılan Xocalı abidəsinin yerləşdiyi əraziyə gəliblər.

Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.

Birinci xanım Mehriban Əliyeva, Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev abidənin önünə gül dəstələri qoyublar.

Yürüşdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə, agentlik və şirkət rəhbərləri, dini konfessiyaların başçıları iştirak ediblər.

Ümumxalq yürüşünün iştirakçıları abidənin önünə tər güllər düzüblər.

***

Xalqımız 30-cu ildir Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir. Xocalı soyqırımının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilib.

Artıq ikinci ildir xalqımız Xocalı soyqırımı abidəsini Vətən müharibəsində qazanılan Zəfərin ruhu ilə ziyarət edir. 2020-ci ilin Vətən müharibəsində düşməndən bütün şəhidlərimizin, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Prezident İlham Əliyevin dediyi kimi: “Biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı”.

Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq. Xocalı soyqırımı erməni millətçiləri və onların havadarlarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətinin ən qanlı səhifəsidir. Dünyanın gözü qarşısında baş vermiş, qəddarlığı və amansızlığı ilə fərqlənən bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın ozamankı rəhbərliyinin üzərinə düşür.

Xocalı erməni silahlı birləşmələrinin ölkəmizə təcavüzünün kuliminasiya nöqtəsi idi. Erməni faşistlər aylarla mühasirədə saxladıqları bu dinc şəhəri öz havadarları ilə birgə bir gecənin içində yerlə-yeksan etdilər. Dinc əhaliyə amansızlıqla divan tutuldu, 613 nəfər qətlə yetirildi, 1275 nəfər girov götürüldü, 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insandır. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanlar diri-diri yandırılıb, onlara ağlasığmaz işgəncələr verilib.

Xocalı soyqırımına qədər də ermənilər Qarabağda azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmişdilər. 1992-ci il fevralın 12-də Şuşanın Malıbəyli və Quşçular kəndlərində törədilmiş qarət və qırğınlar nəticəsində təkcə Malıbəyli kəndində 50 nəfər öldürülmüş, onlarla insan yaralanmış və əsir götürülmüşdü. 1992-ci il fevralın 17-də Ermənistan silahlı qüvvələrinin və Xankəndidəki 366-cı motoatıcı alayın Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qırğın nəticəsində 80 nəfər (kəndin hər 10 sakinindən biri) qətlə yetirilib. Bu, Xocalıya aparan yolun başlanğıcı idi...

Xocalı soyqırımını törətməklə erməni millətçiləri məkrli məqsədlər güdürdü. Xalqı qorxutmaq, vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq, torpaqların işğalı faktı ilə barışmağa məcbur etmək. Amma hiyləgər və amansız düşmənin niyyəti baş tutmadı. Azərbaycanda torpaqlarımızın müdafiəsi uğrunda hər an şəhid olmağa hazır olan vətənpərvər nəsil yetişdi və otuzillik işğala qəhrəmanlıqla son qoydu. Haqq-ədalət bərpa olundu. Xocalı soyqırımı qurbanlarının da qisası alındı.

Bundan sonra xalqımız Xocalı soyqırımı qurbanlarının xatirəsini hər zaman qalib xalq kimi yad edəcək.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.