Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı Azərbaycan Respublikasının Belarus Respublikasındakı Səfirliyində anım mərasimi keçirilib.
Tədbirdə Belarus Xarici İşlər Nazirliyinin idarə rəisi Sergey Molunov, Türkiyə, Pakistan, İsrail, İran, Qazaxıstan, Özbəkistan və Ukrayna diplomatları, Azərbaycan Milli Məclisinin deputatı Rüfət Quliyev, Milli Məclisin MDB Parlamentlərarası Assambleyasında nümayəndəsi Aydın Cəfərov, Belarusda yaşayan müsəlmanların dini birliyi, Belarus Azərbaycan İcmaları Konqresi, Minskdəki “Qobustan”, Qomeldə fəaliyyət göstərən “Ocaq” və Moqilyovdakı “Azəri” cəmiyyətlərinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Səfir Ülvi Baxşəliyev 1992-ci ilin fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımı barədə danışıb. Diqqətə çatdırıb ki, 17 dövlətin milli qanunvericilik orqanı, ABŞ-ın 24 ştatı, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamə və qərarlar qəbul edib.
Diplomat Azərbaycan dövləti tərəfindən beynəlxalq hüquq çərçivəsində görülən davamlı iş nəticəsində bu cinayətlərin iştirakçı və təşkilatçılarının ədalət məhkəməsi qarşısına çıxarılacağına əmin olduğunu söyləyib. Səfir 2020-ci ilin 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğal altında olmuş torpaqlarımızı azad edərək, ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyini, azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri aparıldığını da diqqətə çatdırıb.
Milli Məclisin deputatı Rüfət Quliyev azərbaycanlılara qarşı törədilmiş bu ağır cinayətin gələcəkdə digər millətlərə qarşı da təkrarlanmaması üçün beynəlxalq aləm tərəfindən buna hüquqi qiymətin verilməsinin zəruriliyini bildirib.
Sonra Xocalı qurbanlarının xatirəsinə ithaf olaraq konsert proqramı təqdim edilib. Belarus Dövlət Filarmoniyasının kvartet qrupunun ifasında Q.Qarayevin “Matəm odası”, Ü.Hacıbəylinin “Arazbarı”, eləcə də S.Bax, C.Puççini və T.Albinoninin əsərləri ifa edilib.
Tədbirin sonunda ehsan süfrəsi açılıb.
Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı səfirliyin binası önündə Xocalı soyqırımını əks etdirən bannerlər asılıb, foyedə fotosərgi təşkil edilib.
Səfirliyin təşkilatçılığı ilə Minsk məscidində də Xocalı soyqırımını əks etdirən fotosərgi qurulub, cümə namazı zamanı Xocalı soyqırımı qurbanlarının ruhlarına dualar oxunub və ehsan verilib. Minskdə fəaliyyət göstərən “Azərbaycan evi”ndə Belarus Azərbaycan İcmaları Konqresi və Minskdə fəaliyyət göstərən “Qobustan” cəmiyyətləri tərəfindən Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxunub və ehsan verilib.