“Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı imzalanıb.

Tədbirlər Planı 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” ölkə başçısının 2022-ci il 5 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədilə təsdiq edilib.

Baş nazir Əli Əsədovun fevralın 25-də imzaladığı sərəncama əsasən, “Şuşa İli” ilə nəzərdə tutulan tədbirlər Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün ayrılan vəsaitlər və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçiriləcək.

Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə edilib.

Tədbirlər Planı beş bölmədən ibarətdir: Mədəni-kütləvi və idman tədbirləri; Elmi nəşrlərin, audiovizual və çap materiallarının hazırlanması; “Şuşa İli”nin beynəlxalq səviyyədə təbliği ilə əlaqədar tədbirlər; Tarixi-mədəni abidələrin bərpası, ekologiya və turizm üzrə tədbirlər; “Şuşa İli” ilə əlaqədar xatirə materiallarının və internet resurslarının hazırlanması.

Ümumilikdə il ərzində 35 bənd üzrə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Tədbirlər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi və digər dövlət orqanları, Heydər Əliyev Fondu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Yazıçılar Birliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” ASC və başqa qurumların təşkilatçılığı və iştirakı ilə həyata keçiriləcək.

“Şuşa İli”nin ilk böyük tədbiri may ayında Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçiriləcək “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı olacaq.

İyul ayında Şuşada növbəti Vaqif Poeziya Günlərinin, iyul-avqust aylarında “Televiziya Muğam Müsabiqəsi-2022”nin final mərhələsinin və qaliblərin qala-konsertinin keçirilməsi planlaşdırılır. Həmçinin il ərzində “Şuşa-2022” beynəlxalq incəsənət, “Şuşanın 4 fəsli” (“4 seasons of Shusha”) adlı beynəlxalq fotoqrafiya festivallarının və s. keçirilməsi nəzərdə tutulur.