Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü və layihəsi əsasında iki ölkənin gənc şairlərinin iştirakı ilə “Məclisi-fəramuşan” adlı poeziya görüşləri keçiriləcək.
AMM-dən bildirilib ki, “Şuşa İli” ilə əlaqədar Özbəkistanda da tədbir və layihələrin həyata keçirilməsi nəzərdə tutulub. “Məclisi-fəramuşan” poeziya görüşü XIX əsrdə Qarabağda keçirilən şairlər məclisinin bir növ bərpasıdır. Gələcəkdə poeziya məclisində Türk dünyasının digər ölkələrinin də iştirakı nəzərdə tutulub.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, iki ölkənin Yazıçılar Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin də dəstək göstərəcəyi layihənin məqsədi hər iki xalqın klassiklərini dərindən öyrənmək, şeirlər söyləmək, istedadlı gənc şairləri üzə çıxarmaq, poeziyanın aktual məsələlərinə dair fikir mübadiləsi aparmaq, ədəbi əlaqələri genişləndirməkdir.
Şairlər məclisi mart ayından başlayaraq dekabr ayına qədər davam edəcək. Məclis ayda bir dəfə olmaqla onlayn (“Zoom” proqramı) formada keçiriləcək. Avqust ayında məclis Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada təşkil olunacaq.
“Məclisi-fəramuşan” şairlər məclisində iştirakçıların yaş həddi 16-40 yaş olaraq müəyyənləşdirilib. Məclisdə iştirak etmək istəyən şairlər elan olunmuş mövzu üzrə şeiri ana dilində yazmalı, məclisdə oxumalıdır. Hər iştirakçı tərəfindən yalnız bir şeir məclisə təqdim edilə bilər. Milli-mənəvi dəyərlər, Vətənə, insana sevgi, humanizm, əxlaqi-tərbiyəvi məzmun daşıyan əsərlərə xüsusi önəm veriləcək.
Məclisdə iştirak üçün şeirlər Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin elektron poçtuna (culcenter.az@gmail.com) təqdim olunmalıdır. Münsiflər heyətinə hər iki ölkənin aidiyyəti yaradıcılıq təşkilatlarının təmsilçiləri, şairləri daxil edilib.
Hər ay keçiriləcək şairlər məclisində fəal şairlər üç ayın nəticəsinə əsasən seçiləcək və pul mükafatı, diplom, Şuşa şəhərinə ikigünlük səfər və həvəsləndirici hədiyyələrlə təltif olunacaq.
Məclisdə səsləndiriləcək şeirlər toplu halında Azərbaycan və özbək dillərinə tərcümə olunaraq nəşr ediləcək.
Qeyd edək ki, Azərbaycan poeziyasının inkişafında müxtəlif dövrlərdə yaranmış ədəbi məclislərin rolu böyük olub. Bu məclislər zaman-zaman müxtəlif şəhərlərdə fəaliyyət göstərib və bir çox şairlərin tanınmasında xüsusi rol oynayıb. 1872-ci ildə Azərbaycan mədəniyyətinin beşiyi Qarabağda – Şuşa şəhərində şair, ədəbiyyatşünas Mir Möhsün Nəvvabın evində əsası qoyulan “Məclisi-fəramuşan” şairlər məclisi 1910-cu ilədək fəaliyyət göstərib və dövrün tanınmış şairlərindən X.Natəvan, H.Qaradaği, F.Kəminə, A.Asi, B.Səbur, B.Fədai, habelə Qarabağ xanəndələri də bu məclisdə yaxından iştirak ediblər.