Novruzun ikinci çərşənbəsi olan Od çərşənbəsi də yerlərdə şənliklər, müxtəlif tədbirlərlə qeyd olunub.

Gəncə RMİ Gəncə şəhər 4 nömrəli Uşaq musiqi məktəbində Od çərşənbəsi qeyd olunub. Gəncə RMİ-nin rəisi Vasif Cənnətovun da qatıldığı şənlikdə məktəbin xalq çalğı alətləri ansamblı, “Xarıbülbül” vokal, “Fidanlar” muğam qrupları, eləcə də məktəbin müəllimlərinin ifasında maraqlı musiqi proqramı, həmçinin rəqslər və Novruz adətləri ilə bağlı səhnəciklər təqdim edilib.

İsmayıllı şəhərinin mərkəzi meydanında təşkil edilən şənlikdə İsmayıllı RMİ-nin rəhbərliyi və kollektivi, rayon ictimaiyyəti iştirak edib. F.Əzimov adına Uşaq incəsənət məktəbinin “Çingiz” ritm və xoreoqrafiya qrupu, müəllim kollektivi, İsmayıllı Humanitar və Texnologiya Kollecinin tələbələri, “İsmayıllı inciləri” rəqs qrupunun çıxışları maraqla qarşılanıb. Uşaqlar əl-ələ tutaraq bayram tonqalının ətrafında yallı gediblər.

Şəki RMİ Zaqatala rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Novruz adətlərinin əhəmiyyətindən və Od çərşənbəsi haqqında söhbət açılıb.

Biləsuvar RMİ və Biləsuvar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Təzəkənd kəndində bayram tədbiri keçirilib. İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun da iştirak etdiyi tədbirdə Lənkəran RMİ-nin “Nənələr” və “Rəfti” folklor kollektivləri, Masallı RMİ-nin “Halay” rəqs qrupu və Biləsuvar rayon Mədəniyyət Mərkəzi musiqiçilərinin hazırladıqları konsert proqramı təqdim olunub.

Xaçmaz RMİ Siyəzən rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə mərkəzin özfəaliyyət kollektivi konsert proqramı ilə çıxış edib.

Nurəddin