Şərqdə qeyri-adi düşüncə, dərin zəka sahibləri çox olub. Onlardan biri də azərbaycanlı şair, ədəbiyyatşünas alim Xətib Təbrizidir. 
   
   Xətib Təbrizi (Əbu Zəkəriyyə Yəhya ibn Əli) 1030-cu ildə Təbriz şəhərində anadan olub. Uşaqlıq illəri də elə bu şəhərdə keçib. Gənclik dövrü ilə bağlı səhih bir məlumat yoxdur. Yalnız o bəllidir ki, erkən yaşından elmə maraq göstərir, poetika ilə maraqlanır. Bu mövzuda çoxlu kitab yığır və mütaliə edir. Çox keçmir ki, adı alimlər məclisində çəkilir. Təbrizin görkəmli alimləri onun haqqında yüksək fikirlər söyləyirlər. Ona məsləhət görülür: elmin əsaslarını öyrənmək üçün Suriyaya, Şama get, orada məşhur dilçi alim Əbül-Əla Məərri ilə görüş.
   Xətib Təbrizi görkəmli alimlə görüşmək, dünyəvi elmlərə vaqif olmaq məqsədilə yola çıxır. Günlərlə yol getdikdən sonra pay-piyada gəlib Şam şəhərinə yetişir. Bu hadisə şəhərdə dildən-dilə düşür. Sonralar görkəmli alim kimi tanınan Xətib Təbrizinin həyatından göstərilən bu epizod ərəb salnaməçilərinin diqqətini çəkir. Gənc nəslə nəsihət kimi kitablara salınır.
   Xətib Təbrizi Şam şəhərində Əbül-Əla Məərri ilə görüşür. Bu görkəmli alim ərəb ədəbiyyatının ən məşhur simalarından biri olub. Sonralar Xətib Təbrizi onun haqqında yazıb: “Ərəblərin dilində Əbül-Əlaya məlum olmayan bircə söz də yoxdur”.
   Alimin gözləri kor olsa da, o, fenomenal yaddaş sahibi olub. Xətib Təbrizi onun iri mətnləri yadda saxlamaq bacarığından bəhs edərkən belə bir hekayə danışıb: “Mən iki il idi onun yanında idim. Bu müddət ərzində vətənimdən heç kəslə qarşılaşmamışdım. Bir gün məscidin qarşısında oturub Əbül-Əlaya kitab oxuyurdum. Birdən namaz qılmaq üçün içəri girənlərin arasında qonşumu gördüm. Sevincdən halım dəyişdi. O, soruşdu: "Sənə nə oldu?". Dedim ki, iki ildir öz ölkəmdən heç kimlə rastlaşmamışam. İndi bir qonşumu gördüm. Dedi: “Get, bir az onunla söhbət elə". Mən soruşdum: "Bəlkə dərsimi bitirim, sonra?" O, yenə dedi: “Dur, mən səni gözləyərəm". Mən ayağa qalxıb, qonşumla görüşdüm, onunla Azərbaycan türkcəsində xeyli söhbət etdim. Sonra yerimə döndüm. Əbül-Əla soruşdu: "Siz hansı dildə danışırdınız?". Mən cavab verdim ki, biz Azərbaycan əhalisinin dilində, türkcə danışırdıq. O dedi: "Mən bu dili bilmirəm. Ancaq sizin bütün danışdıqlarınızı təkrar edə bilərəm". Sonra o, bizim söhbətimizi sözbəsöz təkrar etdi".
   Xətib Təbrizi təhsilini bitirdikdən sonra müxtəlif Şərq ölkələrini səyahətə çıxır. Dövrün ən məşhur alimlərinin yanında olur. Araşdırmalarda göstərilir ki, o, səyahətə çıxmazdan qabaq vətənə qayıdır. Bir müddət Təbrizdə yaşayır. Ancaq orada çox qalmır. Oxumaq həvəsi onu yenə də Suriyaya çəkib aparır. Burada tanınmış ərəb alimləri Əli Rəqqidən, İbn Dahandan, İbn Bürhandan, Səlim Razidən ilahiyyat, leksikoqrafiya və poetika elminin sirlərini öyrənir. O daha sonra (1064) Dəməşqə gedir. Burada onu tanınmış tarixçi Xətib Bağdadi (1002-1071) qarşılayır. Onlar yaxın dost olurlar. Bağdadi onun üçün yalnız yaxşı müəllim və səmimi dost deyil, həm də zəngin bir hami olur. Ona maddi cəhətdən yardım göstərir. Sonra oradan Misirə gedir. Saray alimi Tahir ibn Babaşazla görüşür. Ondan ərəb qrammatikasını öyrənir.
   1067-ci il sentyabrın 22-də Şərqin mədəni həyatında əlamətdar bir hadisə baş verir. Bağdadda türk-səlcuq hakimlərinin vəsaiti hesabına məşhur vəzir Nizamülmülkün şərəfinə "Nizamiyyə" mədrəsəsi açılır. Xətib Təbrizi "Nizamiyyə" mədrəsəsinin açılış günündən ömrünün sonuna qədər, təxminən 40 il burada filologiyanı tədris edir. Həm də mədrəsədəki məşhur kitabxananın təşkilatçısı və rəhbəri olur. Ən dəyərli əsərlərini də elə burada yazır.
   Şeirlərində paxıllıq, xudpəsəndlik, haqsızlıq kimi yaramaz əxlaqi sifətlər tənqid olunur. Bağdadda yaşayarkən “Əbu Təmmamın divanının şərhi”, “Səqtəz-zənd”in şərhi”, “Həmasə”nin şərhi”, “Əl-Müfəddəliyyat”ın şərhi” kimi mühüm əsərlərini yazır. Eyni zamanda dilçiliyə dair “Quranda hallanma”, “Nəhvə aid qısa qeydlər”, ədəbiyyat nəzəriyyəsi üzrə “Əruz və qafiyə elmlərinə dair qısa xülasə” əsərlərini qələmə alır.
   Xətib Təbrizi xalq həyatını düzgün əks etdirməyi poeziyanın başlıca vəzifəsi sayıb. Forma kamilliyi ilə məzmun gözəlliyinin vəhdəti prinsipini müdafiə edib. Xətib Təbrizinin bədii əsərinin az bir qismi bizə qədər gəlib çatıb. Lakin bu şeirlərdə onun paxıl, nadan, mənəviyyatsız adamlardan əzab çəkdiyini, onlarla bir mühitdə yaşamağın nə qədər çətin olduğunu qeyd edib.
   Xətib Təbrizi 1109-cu il yanvarın 3-də Bağdad şəhərində vəfat edib. Onun dəfn mərasimində minlərlə şəhər əhalisi iştirak edib. Bağdadın “Bab Əbrəz" qəbiristanlığında dəfn olunub.
   
   Hazırladı: Savalan Fərəcov






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar