Xəbər verildiyi kimi, Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin (parlamentin yuxarı palatası) sədri, Düşənbə şəhərinin sədri (meri) Rüstəm Emoməlinin rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana rəsmi səfər edib.
Martın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rüstəm Emoməlini qəbul edib. Həmçinin Milli Məclisdə nümayəndə heyəti ilə görüş keçirilib, Milli Məclisin sədri Sahibə Qafarova və Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməli iki ölkənin parlamentləri arasında əməkdaşlığa dair saziş imzalayıblar.
Səfər çərçivəsində Bakı və Düşənbə şəhərləri arasında qardaşlaşma haqqında memorandum da imzalanıb. Bu münasibətlə Bakı Şəhər İcra Hakimiyyətində qonaq heyətlə görüş keçirilib.
Qonaqları salamlayan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtda həyata keçirilən layihələr barədə onlara məlumat verib. Qeyd edilib ki, Prezident İlham Əliyevin səyləri ilə Bakı şəhəri keyfiyyətcə yeni səviyyəyə yüksəlib, şəhərdə aparılan genişmiqyaslı quruculuq, abadlıq işləri onu daha da gözəlləşdirib. Eldar Əzizov bildirib ki, bu səfər hər iki paytaxt şəhərləri arasında bütün sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni imkanlar açacaq.
Azərbaycan və tacik xalqlarının uzun əsrlərdən bəri dostluq şəraitində yaşadıqlarını söyləyən Rüstəm Emoməli bildirib ki, ölkəsində Azərbaycan ilə münasibətlərə xüsusi önəm verilir. R.Emoməli bu səfərin Bakı və Düşənbə şəhərləri arasında əlaqələrin möhkəmlənməsində xüsusi rol oynayacağını qeyd edib. Nümayəndə heyətinin rəhbəri Bakı şəhərinin gözəlliyinə valeh olduqlarını, burada aparılan abadlıq və quruculuq işlərini yüksək qiymətləndirdiklərini bildirib.
Sonra Bakı və Düşənbə şəhərləri arasında qardaşlaşma haqqında memorandum imzalanıb, qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.
Görüşdə Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əsgərov və Tacikistanın ölkəmizdəki səfiri Rüstəm Soli iştirak ediblər.