Xalq rəssamı Sirus Mirzəzadənin fərdi sərgisi

 

Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Sirus Mirzəzadənin “Qadın ətri” adlı fərdi sərgisi açılıb.

Martın 4-də keçirilən açılış mərasimində mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Milli Məclisin deputatları, mədəniyyət  və incəsənət xadimləri, digər qonaqlar iştirak ediblər.

Sevda Məmmədəliyeva çıxış edərək bildirib ki, sərginin 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində açılması xüsusi önəm daşıyır. İctimai həyatımızda qadınların əhəmiyyətli rolunu vurğulayan nazir müavini mədəniyyət və incəsənət sahəsində çalışan qadınlara dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan danışıb.

Müasir Azərbaycan təsviri sənətində xüsusi xidmətləri olan Sirus Mirzəzadənin yaradıcılığının həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda tanınıb sevildiyini deyən Sevda Məmmədəliyeva sərginin rəssamın uzunmüddətli, məhsuldar fəaliyyətinin göstəricisi, yaradıcılığının zirvəsi olduğunu vurğulayıb. Nazir müavini əmin olduğunu bildirib ki, rəssam bundan sonra da öz sənəti və yaradıcılıq uğurları ilə sənətsevərləri sevindirəcək.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Xalq rəssamı Arif Hüseynov və digər qonaqlar Sirus Mirzəzadənin yaradıcılığını yüksək qiymətləndirərək fərdi sərgisi münasibətilə onu təbrik ediblər.

Sonra tədbir iştirakçıları sərgilənən əsərlərlə yaxından tanış olublar.

Qeyd edək ki, ekspozisiyada rəssamın bədii axtarışlarının məhsulu olan 150-yə yaxın əsər – rəngkarlıq və qrafika nümunələri yer alıb.

Sirus Mirzəzadə istər monumental-dekorativ, istərsə də dəzgah rəngkarlığı sahələrində yaratdığı əsərlərlə sənətsevərlərin rəğbətini qazanmaqla yanaşı, qrafik əsərlərin də mahir yaradıcısı kimi tanınır. Sənətkar Azərbaycan təsviri sənətində fəaliyyətinə görə, 2002-ci ildə respublikanın “Əməkdar rəssam”ı, 2018-ci ildə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb.