“Məclisi-fəramuşan” layihəsinin ilk onlayn toplantısı keçirilib

 

Xəbər verdiyimiz kimi, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü və layihəsi əsasında iki ölkənin gənc şairlərinin iştirakı ilə “Məclisi-fəramuşan” poeziya məclisi təşkil edilib. Məclisin videokonfrans formatında keçirilən ilk toplantısında Azərbaycan Mədəniyyət Nazirliyi, iki ölkənin Yazıçılar Birliyi nümayəndələri, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin, Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbərləri, gənc şairlər iştirak ediblər.

Təbrik sözü ilə çıxış edən AMM-nin direktoru Samir Abbasov layihə haqqında məlumat verib. Bildirib ki, poeziya məclisinin məqsədi xalqlarımızın klassik şairlərinin irsini dərindən öyrənmək, istedadı olan gənc şairləri üzə çıxarmaq, poeziyanın aktual məsələlərinə dair fikir mübadiləsi aparmaq, Türk dünyası şairləri arasında  ədəbi əlaqələri genişləndirmək və əməkdaşlıq platforması yaratmaqdır.

“Məclisi-fəramuşan” poeziya məclisinin ilk dəfə XIX əsrin ikinci yarısında Azərbaycanın qədim mədəniyyət mərkəzi, ədəbiyyat və incəsənət məkanı olan Şuşada təşəkkül tapdığını deyən Samir Abbasov 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə şairlər məclisinə Türk dünyasının digər ölkələrinin də qoşulması və onun ədəbi əlaqələr, dostluq və əməkdaşlıq platformasına çevrilməsi nəzərdə tutulur.

"Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov çıxışında hər iki qardaş xalqın öz zəngin mədəniyyəti, poeziyası ilə fəxr etdiyini, gələcəkdə isə Türk dünyası ölkələri arasında ədəbi əlaqələri daha da inkişaf etdirəcəyinə inandığını bildirib.

Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli mədəniyyətimizin beşiyi, Qafqazın konservatoriyası, sənət məbədi, çoxsaylı görkəmli şəxsiyyətlərin vətəni Şuşada XIX əsrdə mövcud olmuş bu poeziya məclisinin XXI əsrdə Qarabağın azad edilməsindən sonra yenidən bərpasının əlamətdar hadisə olduğunu deyib.

Özbəkistan Ali Məclisinin deputatı Gülbahar Saidqaniyeva da layihəni yüksək qiymətləndirib.

Sonra Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gənclər Şurasının sədri Fərid Hüseyn, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, şair Qayrat Majid çıxış ediblər. İki ölkənin gənc şairləri (Azərbaycandan Fərid Hüseyn, İntiqam Yaşar, Emin Piri, Tural Turan, Qabil Ədalət, Özbəkistandan Mansur Jumayev, Anvar Botir, Feruza Xayrullayeva, Muhiddin Abdusamad, Nargiza Odinayeva) öz şeirlərini oxuyublar.

Azərbaycan tərəfdən məclisin moderatoru AYB üzvü, Prezident təqaüdçüsü Fuad Cəfərli, Özbəkistan tərəfindən şairə Nargiz Asadova olub.

Qeyd edək ki, poeziya məclisində səsləndirilən şeirlər ilin sonunda Azərbaycan Mədəniyyət Nazirliyi və Özbəkistandakı AMM-nin layihəsi əsasında hər iki dildə nəşr olunacaq.

Xatırladaq ki, 1872-ci ildə Şuşa şəhərində tanınmış şair, ədəbiyyatşünas alim Mir Möhsün Nəvvabın evində təşkil edilmiş “Məclisi-fəramuşan” təkcə Qarabağın deyil, ümumilikdə Azərbaycanın ədəbi mühitində mühüm yerə malik olub. Şairlər məclisi 1910-cu ilə qədər fəaliyyət göstərib.