Gender bərabərliyi üzrə müasir incəsənət layihəsi


Latviyanın Azərbaycandakı Səfirliyi BMT-nin Azərbaycandakı Nümayəndəliyi və Norveçin Türkiyədəki Səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində “Qız qalası. Qadın olmaq” layihəsinin davamı olaraq gender bərabərliyi üzrə “O” beynəlxalq müasir incəsənət layihəsi həyata keçirir.

“Qız qalası. Qadın olmaq – Qadınlar sülh uğrunda” adlı incəsənət festivalı ilk dəfə 2020-ci ilin noyabrında Latviyanın Azərbaycandakı Səfirliyinin təşəbbüsü və Avropa İttifaqı Nümayəndəliyinin dəstəyi ilə keçirilib.

Budəfəki layihə daha uzunmüddətli nəzərdə tutulub və 7 mart – 30 noyabr 2022-ci il tarixlərini əhatə edəcək.

Bu il layihənin əsas mövzusu BMT Təhlükəsizlik Şurasının dayanıqlı gələcək üçün qadınların rolunu vurğulayan 1325 saylı qətnaməsinə (“Qadınlar, sülh və təhlükəsizlik haqqında”) həsr olunacaq. Layihə gender bərabərliyi ilə bağlı təcrübələrini bölüşmək, eləcə də müasir incəsənət vasitəsilə qadınların həyatına təsir edən pandemiya və postmünaqişə vəziyyətlərini əks etdirmək üçün beynəlxalq iştirakçıları bir araya gətirəcək. Layihənin internet saytı (tobeawoman.az) da fəaliyyət göstərir.

Layihə çərçivəsində tanınmış fotojurnalist Reza Deqatinin gender bərabərliyi üzrə təqdimatı olacaq.

Noyabr ayında Əməkdar rəssam Səbinə Şıxlinskayanın kuratorluğu ilə Müasir İncəsənət Muzeyində “O” adlı sərgi də təşkil ediləcək. Sərginin mövzusu qadınların həyatı, cəmiyyətdəki rolu, sevinc və problemləri olacaq. Bundan başqa, payızda Latviya səfirliyinin təşəbbüsü ilə “Qadınlar dayanıqlı sabah üçün” adlı beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur.

Layihənin tərəfdaşları arasında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin İnkişaf Fondu, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi, Müasir İncəsənət Muzeyi, Nizami Kino Mərkəzi və digər qurumlar var.